Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda uşaqlar üçün bayram şənliyi keçirilmişdir

28 dekabr 2015 | 16:00

28 dekabr 2015-ci il tarixində 172 saylı körpələr evi-uşaq bağçasında Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə uşaqlar üçün bayram şənliyi təşkil edilmişdir.

Bayram tədbirində Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra millət vəkili Sədaqət Vəliyeva və Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova çıxış edərək, müasir dövrdə uşaqların yüksək qayğı ilə əhatə olunmasının, onların problemlərinin həlli, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılmasının, hüquqlarının qorunması və şəxsiyyət kimi formalaşmasının dövlətimiz tərəfindən qarşıya qoyulmuş əsas məsələlərdən biri olduğunu diqqətə çatdırdılar.

Həmçinin bu istiqamətdə Prezident cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamların hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasına, onların mütərəqqi tələblər əsasında təhsil almasına xidmət etdiyini vurğulayaraq, Heydər Əliyev Fondu  tərəfindən həyata keçirilən "Məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulması" layihəsi çərçivəsində xeyli sayda körpələr evi-uşaq bağçalarının əsaslı təmir olunduğunu bildirdilər.

Natiqlər bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dünyanın bir çox ölkəsində qeyd olunduğunu və ümumi dövlətçilik mənafeyi uğrunda birləşmək, həmrəy olmaq, harada yaşamasından asılı olmayaraq öz vətəninin təəssübkeşinə çevrilmək bacarığının millətin və dövlətin qüdrətindən xəbər verdiyini söyləyərək, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yen il münasibətilə körpələri və valideynləri təbrik etdilər və onlara xoşbəxtlik, firavanlıq, əmin-amanlıq arzuladılar.

Tədbirdə balacaların hazırladıqları musiqilər, şeirlər səsləndi, Şaxta Baba və Qar Qızın, klounların şən oyunları tədbir iştirakçılarında xoş ovqat yaratdı.

Sonda uşaqlara Yeni il hədiyyələri təqdim olundu.

  

 

Keçidlər