Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir

13 aprel 2016 | 16:00
13 aprel 2016-cı il tarixində Rayon İcra Hakimiyyətində 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
Tədbirdə Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov iştirak etmişdir.
Yığıncağı açan Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov aprel ayının əvvəlində ermənilərin cəbhənin təmas xəttində törətdikləri silahlı təxribatdan danışaraq, düşmənə layiqli cavab verildiyini, Azərbaycan Ordusunun təmas xəttində mövqe üstünlükləri əldə etdiyini qeyd etdi. O, təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi.
A.Qasımov aprel ayının 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclasında dövlət başçısının ölkədə iqtisadi islahatların sürətlə aparıldığını, ixrac potensialının artırılması, xarici sərmayənin Azərbaycana cəlb edilməsi, yerli istehsalın artırılması kimi istiqamətlər üzrə ciddi qərarların qəbul edildiyini, həmçinin biznes mühitinin yaxşılaşdırılması, investisiyaların təşviqi, bank sektorunun möhkəmlənməsi və sağlamlaşdırılması prosesində mühüm addımlar atıldığını, sahibkarlara yardımların davam etdirildiyini söylədiyini diqqətə çatdırdı. Sonra Nizami rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış üçün sözü Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyevə verdi.
İ.Mehdiyev çıxışında rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən 117,5 milyon manat dəyərində sənaye məhsulu istehsal edildiyini və xidmətlər göstərildiyini, istehsal olunmuş məhsulun 100%-inin istehlakçılara göndərildiyini, müəssisələrin öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcminin 80,3 milyon manat, yəni ötən ilin müvafiq dövrünə nisbətən 31,5 faiz çox olduğunu diqqətə çatdırdı.
2016-cı ilin I rübündə pərakəndə ticarət dövriyyəsinin həcminin 16,1 faiz artaraq 604,1 milyon manat olduğunu, əhaliyə 78,6 milyon manatlıq pullu xidmətlər, rabitə sahəsində 82,7 milyon manat dəyərində, yəni əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz çox, nəqliyyat sahəsində isə 30,9 milyon manat dəyərində, yəni əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,3 faiz çox xidmət göstərildiyini söylədi. Hesabat dövründə rayonda 872 yeni iş yeri açıldığını, ümumilikdə isə 2003-cü ildən bu günə kimi 29067-si daimi iş yeri olmaqla 29631 yeni iş yeri açıldığını, orta aylıq əmək haqqının 12,7 faiz artaraq 565,1 manat təşkil etdiyini bildirdi.
Eyni zamanda 2016-cı ilin I rübü ərzində rayonun xidmət və təsərrüfat idarələri tərəfindən də bir sıra işlərin görüldüyünü, abadlıq və yenidənqurma işlərinin aparıldığını, sakinlərin qarşılaşdığı sosial problemlərin həllində konkret tədbirlərin görüldüyünü, rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin əsaslı təmiri, yenidənqurulması, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlərin davam etdirildiyini diqqətə çatdırdı.
Sonra Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinin müdiri Məhərrəm Novruzov hesabat dövründə şöbənin gördüyü işlər barədə məlumat verdi.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov neftin qiymətinin aşağı düşməsi nəticəsində cari ilin birinci rübündə yaranan vəziyyətdən danışaraq, ümumi daxili məhsulun aşağı düşməsinə, gəlirlərin və dövlət tərəfindən yatırılan investisiyaların azalmasına baxmayaraq, görüləcək işlər nəticəsində Azərbaycanın iqtisadiyyatının bu il də artacağına ümid olduğunu qeyd etdi. Eyni zamanda son günlər cəbhənin təmas xəttində baş verən hadisələrə toxunaraq, beynəlxalq təşkilatların bu məsələyə münasibətindən söz açdı.
Tədbirə yekun vuran Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov qarşıda duran vəzifələrlə bağlı aidiyyəti təşkilatlara öz tapşırıqlarını verdi.

Keçidlər