Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nizami rayonundakı 109 nömrəli məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub

06 sentyabr 2016 | 16:00
Nizami rayonundakı 109 nömrəli tam orta məktəbin binası əsaslı təmirdən sonra istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 6-da məktəbin binasında yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Diqqətə çatdırıldı ki, 109 nömrəli tam orta məktəbin binası 1966-cı ildə tikilib. Ötən dövrdə burada müəyyən cari təmir işləri görülsə də, binada əsaslı yenidənqurmaya ehtiyac yaranmışdı. Bunu nəzərə alaraq təhsil ocağının binasında dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq əsaslı təmir işləri görülüb.
Məktəbin həyətində bu təhsil ocağının Qarabağ uğrunda döyüşlərdə şəhid olan məzunu Rəhilə Orucovanın büstü qoyulub. Binanın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsil işçiləri ilə görüşləri, həmçinin müxtəlif məktəblərin açılışı zamanı çəkilən fotolarından ibarət stend yaradılıb.
Məlumat verildi ki, 760 şagird yerlik məktəbdə 42 sinif otağı və 5 fənn kabinəsi var. Sinif otaqlarının, o cümlədən fənn kabinələrinin hamısı müasir tədris avadanlığı ilə təchiz olunub. Burada uşaqların təlim-tərbiyəsi ilə 85 təhsil işçisi məşğul olur. Bu il məktəbi bitirənlərin 76 faizi ali məktəblərə qəbul olunub.
Beləliklə, Nizami rayonundakı 109 nömrəli məktəbin müəllim və şagird kollektivi sentyabrın 15-də yeni dərs ilinə müasir standartlar səviyyəsində əsaslı təmir olunmuş binada başlayacaq. Paytaxtda və bölgələrdə yeni məktəb binalarının inşası, mövcudlarının əsaslı şəkildə yenidən qurulması Azərbaycanda təhsil islahatlarının ardıcıl xarakter aldığını nümayiş etdirir.
109 nömrəli məktəbdə yaradılan şəraitlə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzuladı. 

 
http://www.president.az/
Keçidlər