Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda "Birlik və inkişaf modeli olan Azərbaycançılıq" mövzusunda tədbir keçirilib

12 noyabr 2016 | 16:00
12 noyabr 2016-cı il tarixində 12 saylı tam orta məktəbdə Nizami Rayon İcra Hakimiyyəti və "Sosial-İqtisadi və Ekoloji İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Birlik və inkişaf modeli olan Azərbaycançılıq" mövzusunda tədbir keçirilib
Tədbirdə YAP Nizami rayon təşkilatının fəalları, rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqallar, veteranlar və məktəb müəllimləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova bildirib ki, Azərbaycançılığın ümummilli məfkurəyə, bütün dünya azərbaycanlılarını birləşdirən ideologiyaya çevrilməsi məhz xalqımızın dahi şəxsiyyəti Heydər Əliyevin tarixi xidmətləri sayəsində mümkün olub. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycançılıq ideologiyası onun layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Təşkilatın sədri Rahilə Mehtiyeva ilk öncə tədbirin təşkili üçün rayon rəhbərliyinə minnətdarlığını bildirib və qeyd edib ki, məhz Heydər Əliyevin rəhbərliyi dövründə azərbaycanlıları vahid amal, ideya və məqsəd ətrafında birləşdirəcək milli ideologiyanın, milli konsepsiyanın yaradılması dövlət siyasəti səviyyəsinə qaldırılıb.
Tədbirdə Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev, YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov, Nizami Rayon Bələdiyyəsinin nümayəndəsi Heydər Rəhimov çıxış edərək Heydər Əliyevin hələ sovet dövründə Azərbaycan Respublikasına rəhbərlik edərkən Azərbaycançılıq məfkurəsinin bütün həmvətənlərimiz arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər qazanmasına çalışdığını, 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə, onun siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan cəmiyyətinin inkişafının ideya təməli olan Azərbaycançılıq  konsepsiyasını irəli sürdüyünü, Azərbaycançılığın öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, ümumbəşəri dəyərlərə  inteqrasiyasından bəhrələnmək demək olduğunu bildiriblər.
Daha sonra çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov, şöbənin baş məsləhətçiləri Mürvət İbrahimov və İsa Hüseynov qeyd ediblər ki, ümummilli lider Heydər Əliyev bu ideologiyanın ən gözəl izahını 2001-ci il noyabrın 9-da Dünya Azərbaycanlılarının Birinci Qurultayı zamanı etdiyi çıxışında “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri ilə ifadə edib və dünya azərbaycanlılarını öz milli-mənəvi dəyərlərini unutmamağa, hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyası ətrafında birləşməyə çağırıb. Həmçinin vurğulanıb ki, Azərbaycanın çoxmillətli, tolerant ölkə olması xalqımızın böyük sərvətidir və Azərbaycan xalqı bu önəmli amili qoruyub saxlamalı və ən yüksək səviyyədə təbliğ etməlidir.
Tədbirdə digər çıxışçılar da öz fikirlərini qonaqlarla bölüşüblər. Sonda tədbir diskussiya şəklində  davam edib.

 

Keçidlər