Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2016-cı il tarixli Fərmanının icrası ilə əlaqədar iclas keçirilib

14 fevral 2017 | 16:00
14 fevral 2017-ci il tarixində Rayon İcra Hakimiyyətində “Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2016-cı il tarixli Fərmanının icrası ilə əlaqədar iclas keçirildi.
İclasda Rayon İcra Hakimiyyəti başçısının qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, xidmət sahələri və aidiyyəti təşkilatların rəhbərləri iştirak etmişlər.
İclası Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov açaraq Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2016-cı il tarixli Fərmanının icrası ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirildiyini və müşavirədə qarşıya qoyulan vəzifələr barədə iclas iştirakçılarını məlumatlandırdı. Belə ki, Bakı şəhəri ərazisində əhalinin sayının artması, xüsusilə də fərdi yaşayış evlərinin inşası və müxtəlif təyinatlı bina və obyektlərin tikintisinin şəhər təsərrüfatına, o cümlədən mühəndis-kommunikasiya təminatı obyektlərinin üzərinə düşən yükü dəfələrlə artırdığı və bu təyinatlı obyektlərin hazırkı inkişaf vəziyyətinə uyğun olaraq tələblərə cavab vermədiyi üçün müvafiq tədbirlərin görülməsinin vacibliyinin vurğulandığını diqqətə çatdırdı.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qərib Məmmədov çıxışında Fərmandan irəli gələn tapşırıqların icrası ilə bağlı yerlərdə vətəndaşlarla maarifləndirici işlərin görülməsinin zəruriliyini, qanunsuz fərdi yaşayış evlərinin inşası və müxtəlif təyinatlı bina və obyektlərin tikintisi zamanı onları hansı cəza növlərinin gözlədiyini, həmçinin belə problemlərlə qarşılaşmamaq üçün onlara bu sahənin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının anlaşılan sadə dildə çatdırılmalı olduğunu qeyd etdi.
İclasda Nizami Rayon Məhkəməsinin sədri Məhəmməd Əkbərov, Nizami bələdiyyəsinin sədri Vüqar Quliyev Fərmandan irəli gələn məsələlərin həlli və görüləcək işlərlə bağlı fikirlərini bölüşdülər.
Yekunda A.Qasımov idarə, müəssisə və təşkilat rəhbərlərinə rayon ərazisində dövlət şəhərsalma nəzarəti qaydalarına uyğun olmayan obyektlərin inşasının aparıldığını aşkar etdikdə tikinti işlərinin dayandırılması və faktla bağlı Rayon İcra Hakimiyyətinə dərhal məlumat çatdırılması barədə müvafiq tapşırıqlarını verdi.

Keçidlər