Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda polis işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib

01 iyul 2017 | 16:00

01 iyul 2017-ci il tarixində Nizami Rayon Polis İdarəsində 2 iyul – Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin, Rayon Polis İdarəsinin rəhbərliyi və idarənin əməkdaşları iştirak ediblər.        
Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov  ümummilli lider Heydər Əliyevin 1998-ci il 24 may tarixində imzaladığı Fərmanla 2 iyul Azərbaycan Polisi Günü kimi qeyd edilməyə başlanıldığını bildirib.
A.Qasımov Azərbaycan polisinin cinayətlərin qarşısının alınması, ictimai qaydanın və təhlükəsizliyin qorunması, eyni zamanda insan hüquq və azadlıqlarının təmin edilməsi kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirdiyini, hər zaman xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət etdiyini diqqətə çatdırıb. Eyni zamanda, o, dövlət hakimiyyəti və yerli özünüidarətmə orqanlarının, vətəndaşların polisə öz vəzifələrini yerinə yetirməkdə kömək göstərməli olduqlarını söyləyib. Bununla bağlı A.Qasımov ölkə başçısı cənab İlham Əliyevin ictimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə Fərman imzaladığını və bu Fərmanla ictimai asayişin qorunmasında vətəndaşların iştirakı qaydasının təsdiq edildiyini və bunun ölkədə polis-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi məqsədi daşıdığını diqqətə çatdırıb.
Azərbaycan polisinin Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etdiyini söyləyən A.Qasımov Daxili işlər orqanlarının və daxili qoşunların şəxsi heyətinin 931 nəfərinin bu müharibədə şəhid, 681 nəfərinin isə əlil olduğunu, eyni zamanda, 67 nəfər polis əməkdaşının Milli Qəhrəman adına layiq görüldüyünü qeyd edib.
A.Qasımov çıxışının sonunda polis işçilərini peşə bayramları münasibətilə təbrik edərək, Azərbaycan polisinə insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını qorumaq kimi məsuliyyətli işində uğurlar arzulayıb.
Sonra Nizami Rayon prokuroru Aqşin Ziyadov, Nizami Rayon Məhkəməsinin sədri Məhəmməd Əkbərov çıxış edərək Azərbaycan Polisi Günü münasibətilə polis kollektivini təbrik edib, onlara cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə və qanunla müəyyən edilmiş funksiyaların səmərəli həyata keçirilməsində uğurlar arzulayıblar.
Nizami Rayon Polis İdarəsinin Veteranlar şurasının sədri Aydın Əzizov və Polis İdarəsinin təşkilati-inspektor qrupunun baş inspektoru, polis mayoru Rəhman İsmayılov Azərbaycan Polisinin yaranma tarixindən və polis orqanlarının əldə etdiyi uğurlardan danışıblar.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 iyun tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilmiş 25-ci polis bölməsinin rəis müavini, polis mayoru Elnur Əliyev çıxış edərək peşə bayramı ərəfəsində ölkə başçısı tərəfindən medala layiq görüldüyü üçün minnətdarlığını bildirib və bundan sonra da ictimai asayişin, qanunçuluğun, vətəndaşların əmin-amanlığının keşiyində ayıq-sayıq dayanacaqlarını söyləyib.
Rayon Polis İdarəsinin rəisi Ədalət Abbasov çıxışında ölkəmizdə əmin-amanlığın və sabitliyin qorunmasında polis işçilərinin xidmətlərindən, dövlətin hüquq-mühafizə orqanları işçilərinə göstərdiyi diqqət və qayğısından söz açıb. Ə.Abbasov polis əməkdaşlarının beynəlxalq əhəmiyyətli kütləvi tədbirlər zamanı ictimai təhlükəsizliyi və cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirdiyini qeyd edərək, bu gün Azərbaycan polisinin öz peşəkarlığını artırmaqla yanaşı, həm də polis orqanlarının fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırıldığını söyləyib.
Çıxışının sonunda Ə.Abbasov Daxili İşlər naziri Ramil Usubovun Daxili İşlər Nazirliyinin şəxsi heyətinə ünvanlanmış təbrikini oxuyaraq, kollektivi öz adından da Polis Günü münasibətilə təbrik edib.
Tədbirin sonunda xidmətdə fərqlənən Rayon Polis İdarəsinin bir sıra əməkdaşlarına Fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.

Keçidlər