Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Bir kərə yüksələn bayraq bir daha enməz” adlı tədbir keçirilib

07 noyabr 2017 | 16:00
7 noyabr 2017-ci il tarixində 272 nömrəli tam orta məktəbdə 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə “Bir kərə yüksələn bayraq bir daha enməz” adlı tədbir keçirilib.
Tədbirdə Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun Tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli, Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İsa Hüseynov, Fəlsəfə İnstitutunun fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərov, Folklor İnstitutunun elmi işçisi Bəxtiyar Tuncay, “Tariximizə sahib çıxaq" tarixi araşdırmalar və maarifləndirmə İctimai birliyinin sədri Araz Şamilov, Atatürk liseyinin tarix müəllimi Elmar Həsənli iştirak ediblər.
Tədbirdə ilk öncə dövlət himni və Azərbaycan şeiri səsləndirilib.
Sonra 272 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən “Bir kərə yüksələn bayraq bir daha enməz” adlı ədəbi-bədii kompozisiya və Qarabağ inciləri rəqsi nümayiş olunub. Manna dövlətinin hökmdarı İranzu, Atropatena dövlətinin qurucusu Atropat, Alban hökmdarı Cavanşir, Sacilər dövlətinin qurucusu Əbu Sac Divdad, Sultan Alp Arslan, Şəmsəddin Eldəniz, Qara Yusif, Uzun Həsən, Şah İsmayıl Xətai, Nadir şah, Ağa Məhəmməd şah Qacar və Cavad xan obrazları şagirdlər tərəfindən səhnədə canlandırılıb.
Tədbirin bədii rəhbəri 272 nömrəli tam orta məktəbin tarix müəllimi Röya Yaqubova çıxış edərək Azərbaycan Xalq Cümhuriyyəti dövrünün qurucuları – Əlimərdan Bəy Topçubaşov, Fətəli xan Xoyski, Məmmədhəsən Hacınski, Məhəmməd Əmin Rəsulzadə, Nəriman bəy Nərimanbəyli, Nəsib bəy Yusifbəyli haqqında məlumat verib. 
Tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli çıxışında Azərbaycan Respublikasının üçrəngli Dövlət bayrağının ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edildiyini, ikinci dəfə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edildiyini, 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti tərəfindən həmin bayrağın Dövlət bayrağı elan olunduğunu vurğulayıb. Natiq həmçinin diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti    cənab İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamına əsasən hər il 9 noyabr ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının baş məsləhətçisi İsa Hüseynov 272 saylı tam orta məktəbin direktor və kollektivini, eləcə də tədbirə gələn qonaqları Dövlət Bayrağı Günü münasibətilə təbrik edərək, Dövlət bayrağının milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrildiyini, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayrağın bizim azadlığımızı, milli-mənəvi dəyərlərə sadiqliyimizi nümayiş etdirdiyini diqqətə çatdırıb.
Tədbirin sonunda 10-30 oktyabr 2017-ci il tarixlərində məktəb tərəfindən “Azərbaycan tarixinin  müxtəlif  dövrlərini əhatə edən bayraqları” adlı  altı nominasiya – şeir, inşa, esse, hekayə, referat və əl işləri üzrə müsabiqə qalibləri mükafatlandırılıblar.

 

 

 

Keçidlər