Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Ulu öndərin anım günü münasibətilə “Milli dövlətçilik tariximizin Heydər Əliyev zirvəsi” mövzusunda tədbir keçirilib

09 dekabr 2017 | 16:00
09 dekabr 2017-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətində Ulu öndərin anım günü münasibətilə “Milli dövlətçilik tariximizin Heydər Əliyev zirvəsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə iştirak edib.
İştirakçılar Rayon İcra Hakimiyyətinin inzibati binasının foyesində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov ölkəmizin siyasi və ictimai həyatında, dövlət quruculuğunda misilsiz xidməti olan dahi Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qaldığını və bundan sonra da qalacağını vurğulayıb. A.Qasımov dünyanın nadir, unikal, seçilən siyasət adamı, fenomenal şəxsiyyət olan Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkənin hərtərəfli inkişafına nail olduğunu, müstəqilliyini əbədi və dönməz etdiyini və uğurlu siyasəti sayəsində respublikamızı dünyada tanınan nüfuzlu bir dövlətə çevirdiyini diqqətə çatdırıb. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi illər ərzində iqtisadiyyatımızın sürətli inkişafı ilə yanaşı, kadr, iqtisadi və enerji potensialının yaradılmasına da nail olduğunu, ölkəmizin müstəqil yaşaması üçün möhkəm təməl qoyduğunu qeyd edən natiq, qazanılan müstəqilliyə və onun qorunub saxlanılması sahəsində əldə edilən bütün nailiyyətlərə görə Azərbaycan xalqının ulu öndərə minnətdar olduğunu vurğulayıb. 
Təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan dövlət quruculuğu prosesinin  Prezident İlham Əliyev tərəfindən yüksək dinamizm, əzmkarlıqla davam etdirildiyini söyləyən A.Qasımov, ölkə başçısının həyata keçirdiyi strateji inkişaf kursunun uğurları  sayəsində müstəqil dövlətimizin iqtisadi inkişaf potensialına görə lider dövlətlər sırasında olduğunu, beynəlxalq münasibətlər sistemində ölkəmizin mövqeyinin möhkəmləndiyini söyləyib.
Tədbirdə YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Milli dövlətçilik tariximizin Heydər Əliyev zirvəsi” mövzusunda məruzə ilə çıxış edib.
V.Rəhimzadə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyevin müstəqil və müasir Azərbaycanın memarı və qurucusu qeyd edərək, ölkəmizin müstəqil dövlət kimi təbii sərvətlərinə sahib çıxmasının, milli mənafeyini, iqtisadi və strateji maraqlarını müdafiə etmək gücünə qadir olmasının ulu öndər Heydər Əliyevin uğurlu siyasətinin məntiqi nəticəsi olduğunu diqqətə çatdırıb.
Natiq dövlətçiliyimizin qarantı olmuş əzəmətli şəxsiyyət Heydər Əliyevin adı və şərəfli həyatının öz Vətəninə, xalqına məhəbbətin təkrarsız təcəssümü, millətə xidmətin əsl nümunəsi kimi daim yaşayacağını, Azərbaycanın indiki və gələcək nəsillərinə əbədi örnək olacağını vurğulayıb.
Tədbirdə çıxış edən Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev Azərbaycan xalqının xilaskarı olan və böyük siyasi xadim kimi tanınan Heydər Əliyevin ölməz ideyaları, dövlətçiliyimizin möhkəmləndirilməsində əvəzsiz xidmətləri barədə danışıb.
Sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.
Tədbirin sonunda Nizami Rayon Mədəniyyət Mərkəzinin hazırladığı kompozisiya ilə aktyor Niyaz İlyasoğlu ulu öndərə həsr edilmiş “Hələ çiynimizdədir uğurlu əlin sənin” şeiri ilə, müğənni Mütəllim Mütəllimov isə “Heydər Xalqım deyəcək, Xalq Heydər söyləyəcək” mahnısı ilə çıxış ediblər.

Keçidlər