Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Narkotiksiz, siqaretsiz və alkoqolsuz sağlam həyata doğru” layihəsi çərçivəsində tədbir keçirilib

15 dekabr 2017 | 16:00
15 dekabr 2017-ci il tarixində Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Nizami Rayon İcra Hakimiyyətinin dəstəyi, “Həkimlər və Təbib Tələbələr” İctimai Birliyinin təşkilatçılığı ilə “Narkotiksiz, siqaretsiz və alkoqolsuz sağlam həyata doğru” layihəsi çərçivəsində tədbir keçirilib.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, baş məsləhətçilər İsa Hüseynov və Mürvət İbrahimov, Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru mayor Kəmalə Ələkbərova, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşı Eldar Sadıqov, Nizami Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi polis kapitanı Yaşar Həsənov, Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında ehtiyatda olan polkovnik Adil Haqverdiyev və mayor Yəhya Ağayev iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Peşə Təhsil Mərkəzinin direktoru Qalib Həsənov təhsil müəssisələrində mütəmadi olaraq belə tədbirlərin keçirilməsinin gənclərin sağlam ruhda böyüməsində və sağlam düşüncə tərzinə malik olmasında böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq bildirib ki, narkomaniya əsrin bəlası olaraq insanın təkcə fiziki sağlamlığına mənfi təsir göstərməklə kifayətlənmir, həm də onun şəxsiyyət kimi formalaşmasında ciddi problemlər yaradır.
“Həkimlər və Təbib Tələbələr” İctimai Birliyinin sədri, tibb elmləri namizədi cərrah Həzi Aslanov narkomaniyadan qorunmağın vacibliyini, narkotik kimi zərərli vərdişlərin gündəmi narahat edən problemlərdən başlıcası olduğunu diqqətə çatdırıb. Birliyin sədr müavini Aqil Abbasov slaydlar vasitəsilə narkomaniya ilə bağlı xəstəliklər və narkotiklə mübarizə etməyin yolları barədə məlumat verib.
Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru mayor Kəmalə Ələkbərova  ölkəmizdə hüquq-mühafizə orqanları tərəfindən narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı aparılan mübarizənin əhəmiyyətini vurğulayaraq bildirib ki, narkomaniyaya aludəçilik yeniyetmə-gənclərin təhsildən yayınmasına, ictimai həyatdan uzaqlaşmasına, ən əsası isə sağlamlıqlarının zərbə altında qalmasına səbəb olur.
Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov Rayon İcra Hakimiyyətində bu sahədə komissiyanın fəaliyyət göstərdiyini, mütəmadi olaraq Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun üzvləri ilə birgə tədbirlərin keçirildiyini, görülmüş təbliğat işlərinin effektivliyinin ilbəil statistik göstəricilərdə hiss olunduğunu diqqətə çatdırıb.
Sonda tədbir iştirakçıları gələcəkdə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə metodları haqqında qapalı diskussiya keçiriblər.

 

Keçidlər