Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2017-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağı keçirilib

23 yanvar 2018 | 16:00

23 yanvar 2018-ci il tarixində Nizami Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2017-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağı keçirilib.

Yığıncağı Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə şöbəsinin müdiri Firidun Cabbarov açaraq, Nizami rayonunda aparılan abadlıq-quruculuq işlərindən, rayon əhalisinin sosial-rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb, sakinlərin kommunal sahədə, həmçinin digər sosial sahələrdə mövcud olan bir sıra problemlərinin öz müsbət həllini tapdığını qeyd edib. Sonra F.Cabbarov  RİHB-nın 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2017-ci ildə gördüyü işlər barədə məlumat vermək üçün sözü RİHB-nın 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əhməd Əhmədova verib.

Ə.Əhmədov 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisinin 4,4 km2, əhalisinin 01.01.2018-ci il tarixinə 83130 nəfər olduğunu, nümayəndəliyin inzibati ərazisində 254 yaşayış binasının, 250-dən çox həyət evlərinin, 27 Mənzil Tikinti Kooperativi və bu kooperativlərdə 36 yaşayış binasının mövcud olduğunu, 10 tam orta məktəb və 1 özəl lisey, 2 məktəbdənkənar tərbiyə müəssisəsi, Texnika və texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi, 11 uşaq bağçası körpələr evi, 6 səhiyyə obyekti və digər dövlət idarələrinin yerləşdiyini nəzərə çatdırıb.

2017-ci ildə 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində vətəndaşların müraciətinə əsasən B.Nuriyev küçəsi 27 saylı binanın qarşısındakı qəzalı vəziyyətdə olan ağacların budandığını, “Asiman” MTK-ya məxsus B.Nuriyev küçəsi 29a saylı binanın həyətində içməli su xəttinin, B.Nuriyev küçəsi 31 saylı binanın qarşısında sıradan çıxmış kanalizasiya xəttinin bərpa edildiyini, B.Nuriyev küçəsi 33 saylı binanın VI girişin qarşısındakı işiq dirəyinin təmir olunaraq həyətin işiqlandırıldığını, Q.Qarayev prospekti 96 və B.Nuriyev küçəsi 33 saylı binaların istiliklə təmin edildiyini qeyd edib.

Natiq 05 sentyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 №-li sahə inzibati ərazi dairəsində yerləşən və əsaslı təmir olunan 10 №-li  məktəbdə yaradılmış şəraitlə tanış olduğunu diqqətə çatdırıb.

Ə.Əhmədov hesabat dövründə  təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin normal iş fəaliyyətlərinin təmin olunmasına xüsusi diqqət yetirildiyini, həmin müəssisələrin istilik, elektrik, kanalizasiya və digər kommunal sahələr üzrə yaranmış problemlərinin operativ aradan qaldırılması üçün əlaqədar təşkilatlarla sıx əlaqələr saxlanıldığını və  lazımi köməkliklərin göstərildiyini bildirib.

Ə.Əhmədov xidmət təsərrüfatları tərəfindən nümayəndəliyin əhatə etdiyi ərazidə görülən işlər barədə məlumat verərək, qazanxanalarda yenidənqurma və təmir işlərinin aparıldığını, yaşayış binalarının müxtəlif diametrli magistral, məhəllədaxili və binaların aşağıpaylayıcı istilik xətlərinin dəyişdirildiyini, ərazidə yerləşən binalarda mexaniki qaz sayğaclarının Smart-Kart tipli elektron sayğaclarla əvəz edildiyini, yeraltı kabel xətlərinin yeni kabel xətti ilə əvəz edildiyini, ayrı-ayrı binalarda müxtəlif diametrli su borularının, kanalizasiya xətlərinin dəyişdirildiyini və sayğacların quraşdırıldığını, müxtəlif ünvanlarda liftlərin əsaslı təmir olunduğunu, istismar vaxtı bitmiş liftlərin isə yenisi ilə əvəz edildiyini, şüşəli ruberoidli dam örtüklərinin təmir olunduğunu, ümumi istifadə yerlərində pəncərələrin şüşələndiyini, tüstü bacalarının təmizləndiyini, bir sıra məhəllələrə asfalt örtüklərinin vurulduğunu və ərazidə abadlıq işlərinin aparıldığını nəzərə çatdırıb.

Sonra Enerji Təchizatı və Satışı İdarəsi İstismar Sahəsinin rəisi İmran  Məmmədov çıxış edərək, “Azərişıq” ASC tərəfindən Nizami rayonunda da xeyli işlərin görüldüyünü, əməkdaşlar tərəfindən mütəmadi olaraq bütün əraziyə baxışların keçirildiyini, elektrik enerjisinə tələbat olan yerlərdə transformatorların, müxtəlif ünvanlarda elektrik xətlərinin dəyişdirildiyini, hesabat dövründə C.Naxçıvanski küçəsi 22 ünvanında 1 ədəd yeni transformator məntəqəsinin istismara verildiyini və məntəqədən binalara 0,4 KV-luq yeni kabel xətləri çəkildiyini, M.Əliyev küçəsində də 1 ədəd transformator quraşdırıldığını yığıncaq iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra, 25 saylı Nizami ikinci seçki dairəsinin sədri Heydər Vəliyev çıxışında 2018-ci ildə Azərbaycan Respublikasında Prezident seçkilərinin keçiriləcəyini və hər il olduğu kimi, bu il də seçici siyahılarının dəqiqləşdirilməsi kompaniyasına başlanıldığını qeyd edib. 3 nömrəli sahə inzibati ərazi dairəsinin ərazisində fəaliyyət göstərən 25 saylı Nizami ikinci seçki dairəsinin 33 məntəqə üzrə 45618 seçicini əhatə etdiyini, ilin əvvəlindən başlayaraq seçici siyahılarının dəqiqləşdirilməsi işinə sahə inzibati ərazi dairəsi, Mənzil Kommunal İstismar sahələri, Mənzil Tikinti Kooperativlərinin cəlb olunduğunu, vəfat etmiş və yerdəyişmə ilə əlaqədar köçənlərin seçici siyahılarından çıxarıldığını, ordudan tərxis olunanların, 18 yaşı tamam olanların, yeni qeydiyyata düşənlərin seçici siyahılarına daxil edildiyini və bu işin davam etdirildiyini nəzərə çatdırıb.

Yığıncaqda əhalini narahat edən məsələlərə toxunulub, qaldırılan problemlərin həlli yolları barədə fikir mübadiləsi aparılıb, sakinləri maraqlandıran suallar cavablandırılıb. 

Hesabat yığıncağının yekununda Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2017-ci ildə gördüyü işlər qənaətbəxş hesab edilib, qarşıda duran vəzifələrin vaxtında və tam icra edilməsi, eyni zamanda  sakinləri narahat edən problemlərin həlli ilə bağlı müvafiq göstərişlər və tapşırıqlar verilib.

Keçidlər