Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Gəncləri radikal meyillərdən qoruyaq!” adlı tədbir keçirilib

21 fevral 2018 | 16:00
Nizami Rayon İcra Hakimiyyəti başçısı yanında Dini İşlər üzrə Komissiya 2018-ci ilin iş planına əsasən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhər şöbəsi, Rayon Gənclər və İdman İdarəsi ilə birgə 21 fevral 2018-ci il tarixində Bakı Texniki Kollecdə tələbə-gənclərin iştirakı ilə “Gəncləri radikal meyillərdən qoruyaq!”adlı maarifləndirici tədbir keçirib.
Tədbiri giriş sözü ilə Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov açaraq dini radikalizm və ekstremizmə qarşı mübarizə sahəsində rayon komissiyası tərəfindən il ərzində həyata keçiriləcək işlər və tədbirlər haqqında iştirakçılara məlumat verib, bu sahədə maarifləndirici tədbirlərin mütəmadi keçirilməsinin intensivliyinin daha da artırılmasının zəruriliyini önə çəkib.
Tədbirdə Azərbaycan Respublikası Dini İşlər üzrə Dövlət Komitəsinin Bakı şəhər şöbəsinin məsləhətçisi Nuru İmanov, Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Tural Mustafazadə və Texniki Kollecin direktoru Fərrux Məmmədov çıxış edərək, dünyada radikal meyillərin – radikalizm və ekstremizmin yayıldığı bir dövrdə gənclərin onlardan qorunması üçün maarifləndirmənin mütəmadi həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb, radikalizmin təbliğat metodları barədə məlumat verərək gənclərə həmin təsirlərdən qorunmaq üçün müvafiq tövsiyələr veriblər.
Çıxış edənlər yekdilliklə qeyd ediblər ki, dini radikalizm və ekstremizmə qarşı mübarizə sahəsində maarifləndirici tədbirlərin böyük əhəmiyyəti var və bu işlər ardıcıl olaraq davam etməli, gənclər radikal meyillərdən qorunmalıdır. Çünki bu meyillərin təsirinə düşən hər bir insanın həyatı və yaşam tərzi faciədir, hamı çalışmalıdır ki, gənclər belə faciələrə düçar olmasınlar, xalqımıza layiq əsl vətəndaş kimi formalaşsınlar.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, gənclərin dini radikalizm, ekstremizmdən qorunmasında, eləcə də milli-mənəvi dəyərlərin və vətənpərvərliyin təbliğ olunmasında müstəsna əhəmiyyət kəsb edən “Şəhadət” sənədli filmi nümayiş etdirilib.

 

Keçidlər