Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirilib

18 aprel 2018 | 16:00
18 aprel 2018-ci il tarixində Daxili Qoşunların “N” saylı hərbi hissəsində Nizami Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə  “Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirilib.
İlk öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş igid Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yarışın açılışında çıxış edən Nizami Rayon Gənclər və İdman İdarəsinin rəisi Ziyad Əzizov ümumtəhsil məktəblərində şagirdlərin vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyə olunmasının əhəmiyyətindən danışaraq, gənclərə ilkin hərbi bilik, bacarıq və vərdişlərin aşılanmasında, eləcə də gələcəyin əsgər və zabitlərinin formalaşmasında “Şahin” hərbi-idman oyununun xüsusi əhəmiyyəti olduğunu diqqətə çatdırıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsinin rəisi polkovnik Eldar Tağıyev “Şahin” hərbi-idman oyununun keçirilməsində məqsədin böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərilməsindən ibarət olduğunu söyləyib.
Respublika Ağsaqqallar Şurasının Nizami rayon şöbəsinin sədri Mayıl Əliyev “Şahin” hərbi-idman  oyununun məktəbyaşlı yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında əhəmiyyətli dərəcədə rol oynadığını qeyd edərək, yarışda iştirak edən gənclərin gələcəkdə Silahlı Qüvvələrimizdə şərəflə və cəsarətlə xidmət edəcəklərinə əminliyini bildirib.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov  Azərbaycanda yeniyetmə və gənclərin hərtərəfli inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğıdan söz açaraq, gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi və onların sağlam ruhda böyüməsinin ümdə məsələlərdən biri olduğunu qeyd edib. A.Qasımov belə tədbirlərin gənclərin fiziki hazırlıqlarının artırılması, ordu sıralarına hazırlanması məqsədilə keçirildiyini vurğulayıb və yarış iştirakçılarına uğurlar arzulayıb.
Çıxışlardan sonra rayonun 24 tam orta məktəbinin komandaları müxtəlif nominasiyalar üzrə bacarıqlarını sınayıblar.

Keçidlər