Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət” adlı ümumrayon tədbiri keçirilib

22 may 2018 | 16:00
22 may 2018-ci il tarixində 32 saylı tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət” adlı ümumrayon tədbiri keçirilib.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Milli Məclisin deputatı Rasim Musabəyov, Milli Qəhrəman Məzahir Rüstəmovun atası, Bakı Dövlət Universitetinin prorektoru, professor İzzət Rüstəmov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə iştirak ediblər.
Tədbiri giriş sözü ilə 32 saylı tam orta məktəbin direktoru Sevda Abdullayeva açdıqdan sonra Dövlət himni səsləndirilib və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından bəhs edən film nümayiş etdirilib.
Tədbirdə çıxış edən Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva 1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş verdiyini, Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğunu və cəmi iki ilə yaxın yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər buraxdığını, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırladığını bildirib. 23 aylıq fəaliyyət dövründə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini söyləyən M.Vəliyeva, Azərbaycan Xalq Cümhuriyyətinin xüsusən təhsilin, mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafı sahəsində fəaliyyəti ilə yadda qaldığını da qeyd edib.
32 saylı tam orta məktəbin adını daşıdığı Milli Qəhrəman Məzahir Rüstəmovun atası, Bakı Dövlət Universitetinin prorektoru, professor İzzət Rüstəmov çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olduğunu bildirib. İ.Rüstəmov xalqımızın milli dövlətçiliyə nail olmaq arzularının gerçək ifadəsi olan və ömrü cəmi 23 ay çəkən Azərbaycan Xalq Cümhuriyyətinin ürəklərdə alovlandırdığı məşəli 70 il ərzində hökmranlıq etmiş totalitar kommunist rejiminin söndürə bilmədiyini qeyd edərək, ikinci dəfə Azərbaycanın üçrəngli bayrağının həmişəlik olaraq qaldırılması şərəfinin ümummiili lider Heydər Əliyevə nəsib olduğunu diqqətə çatdırıb. Ulu Öndərin Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının müstəqil Azərbaycan dövləti ideyalarını həyata keçirmək istiqamətində çox böyük işlər gördüyünü və bu gün Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyevin ümummilli liderin uzaqgörən siyasətinin uğurla həyata keçirilməsində inamlı addımlar atdığını söyləyib.
Milli Məclisin deputatı Rasim Musabəyov Azərbaycanda müstəqil, azad, demokratik respublika qurmaq məqsədini öz qarşısına qoymuş Azərbaycan Xalq Cümhuriyyətinin gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərdiyini söyləyərək, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlərin xalqımızın tarixində dərin iz buraxdığını diqqətə çatdırıb. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin ən qəddar müstəmləkə və repressiya rejimlərinin belə, Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir olmadığını sübut etdiyini bildirib. R.Musabəyov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində süqut etməsinə baxmayaraq, onun aşılamış olduğu müstəqillik hissləri xalqımızın yaddaşından heç vaxt silinməmişdir. Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarını davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaratmışdır.
Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov bu il Şərqdə ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 ilinin tamam olduğunu və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncam imzaladığını söyləyib. Eyni zamanda, dövlət başçısı tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsinin dövlətçilik tariximizə verilən yüksək dəyərin göstəricisi olduğunu bildirib. A.Qasımov AXC-nin 100 illiyinin qeyd olunmasının ölkəmizdə azərbaycançılıq təfəkkürünün möhkəmlənməsinə və zənginləşməsinə, həmçinin gələcək nəsillərin müstəqil dövlətçilik ideyaları əsasında tərbiyə olunmasına xidmət edəcəyini vurğulayıb.
Tədbirdə məktəb şagirdlərinin ifasında Azərbaycan Xalq Cümhuriyyətinə və Vətənə həsr edilmiş şeirlər, “Cümhuriyyət nəğməsi” və “İgidlər yurdu, ey Azərbaycan” nəğmələri səsləndirilib.
Sonda Nizami Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə müğənnilərin ifasında vətənpərvərlik mövzusunda mahnılar ifa olunub.

Keçidlər