Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Gənclər narkomaniyaya yox deyir!” mövzusunda tədbir keçirilib

16 oktyabr 2018 | 16:00

16 oktyabr 2018-ci il tarixində Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Nizami rayon komissiyasının və Bakı şəhər Baş Polis İdarəsinin birgə təşkilatçılığı ilə 10 №-li tam orta məktəbdə yuxarı sinif şagirdlərinin, müəllim və valideynlərin iştirakı ilə “Gənclər narkomaniyaya yox deyir!”  mövzusunda maarifləndici tədbir keçirilib.

Tədbiri Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, komissiyanın üzvü Əli Axundov açaraq 2018-ci ilin ötən dövrü ərzində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində görülmüş işlər barədə tədbir iştirakçılarına geniş məlumat verib. Ə.Axundov bildirib ki, təlim-tərbiyə ocaqlarında keçirilən maarifləndirici tədbirlərin böyük əhəmiyyəti vardır və mütəmadi olaraq yerlərdə təşkil olunan görüşlərdə valideynlər razılıqlarını bildirirlər. Lakin artıq maarifləndirici tədbirlərin keçirilmə forması yenilik tələb edir. Məhz bu məqsədlə bugünkü tədbir əsasən iştirakçıların sualları və onları maraqlandıran məsələlərin müzakirəsi üzərində qurulub. Məqsəd ondan ibarətdir ki, aparılan müzakirələrdə məktəblilər, xüsusən də gənclər daha yaxından iştirak etsinlər.

Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin əməkdaşı, polis mayoru Kəmalə Ələkbərova zərərli vərdişlər və onların törətdiyi fəsadlar barədə tədbir iştirakçılarına məlumat verərək qeyd edib ki, zərərli vərdişlərə aludəçilik sonda ən ağır və qarşısıalınmaz bəlalara gətirib çıxarır. K.Ələkbərova gəncləri zərərli vərdişlərdən uzaq durmağa çağırıb və bu sahədə bir sıra məsləhətlərini verib.

Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şirəli Babayev, Nizami Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin baş inspektoru, polis kapitanı Pərvanə Əzizova, Nizami Rayon Polis İdarəsinin Veteranlar Şurasının sədr müavini Firdovsi Bayramov və 10 №-li tam orta məktəbin direktoru Leyla Məmmədova çıxış edərək, gənclərə sağlam həyat tərzinin yeganə yol olduğunu bildiriblər və hər bir yeniyetmə gənci bütün əqidəsi və iradəsi ilə narkomaniyaya yox deməyə çağırıblar.

Tədbirdə şagirdlərin sualları cavablandırılıb, onları narahat edən bir sıra  məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, müvafiq izahatlar verilib.

Tədbirin sonunda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının narkomanlıq və onun fəsadlarından, habelə insan səhhətinə vurduğu sağalmaz yaralardan bəhs edən  video-çarxı nümayiş olunub.

Keçidlər