Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda istirahət parkı əsaslı təmirdən sonra istifadəyə verilib

31 oktyabr 2018 | 16:00
Respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi, Nizami rayonunda da ölkə başçısı cənab İlham Əliyevin göstəriş və tövsiyələri rəhbər tutularaq günün tələbləri səviyyəsində genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri aparılır, məhəllələr, həyətlər, parklar və digər sosial obyektlər təmir olunaraq sakinlərin istifadəsinə verilir.
Rayonda aparılan yenidənqurma və quruculuq işləri çərçivəsində yaşayış binalarının fasadları əsaslı təmir olunur, «Abad həyət»lər salınır, əhalinin asudə vaxtının səmərəli keçirilməsi və  istirahəti üçün mövcud parklar əsaslı təmir olunur, yeni parklar və yaşıllıq zolaqları salınır, binaların həyətlərinə  yeni oturacaqlar və söhbətgahlar qoyulur, uşaqlar üçün əyləncəli idman qurğuları quraşdırılır, məhəllələrdə asfalt örtükləri yenilənir.
Qeyd olunan işlər çərçivəsində Q.Qarayev prospekti 71 ünvanındakı parkda da rayonun daxili imkanları hesabına yenidənqurma işləri aparılıb və əsaslı təmir olunub. Bununla əlaqədar 31 oktyabr 2018-ci il tarixində rayon rəhbərliyinin, xidmət sahələrinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin, rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə parkın istifadəyə verilmə mərasimi keçirilib. Eyni zamanda, parkda əhali ilə səyyar görüşlər çərçivəsində həyata keçirilən “Açıq mikrofon” da təşkil olunub.
Açılış mərasimində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov dövlət başçısının tapşırığına əsasən ölkədə aparılan abadlıq-quruculuq işlərindən, həmçinin bu istiqamətdə rayonda həyata keçirilən layihələrdən danışıb, sakinlərin rahat istirahətini təmin etmək məqsədilə bir çox ərazilərdə müasir yeni abad məhəllələr salındığını qeyd edib.
A.Qasımov vurğulayıb ki, Q.Qarayev prospekti 71 ünvanında sahəsi 0,4 ha olan park əsaslı təmir olunub, 100 ədəd yeni ağac və kol əkilib, 2400 m2 qazon döşənib, 20 oturacaq və iki yerdə söhbətgah qoyulub. Eyni zamanda, uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün xüsusi əyləncə avadanlıqları və idman qurğuları, həmçinin şahmat meydançası quraşdırılıb.
Bunlardan əlavə, parkətrafı ərazilərə yeni asfalt, parkdaxili gediş ərazisinə isə 1664 m2 tamet və 1472 metr səki daşları döşənib, yeni işıqlandırma sistemi quraşdırılıb.
Həmçinin parkın yaxınlığındakı 5 mərtəbəli yaşayış binasının fasadı və dam örtüyü əsaslı təmir olunub.
“Açıq mikrofon” şəraitində davam edən tədbirdə sakinlərin şikayət və təklifləri dinlənilib. Sakinlər C.Naxçıvanski küçəsi 61, Rüstəmov küçəsi 56, 58 ünvanlarındakı binaların həyətlərinin abadlaşdırılması, Q.Qarayev prospekti 73 ünvanındakı binanın fasadının və dam örtüyünün təmiri, Rüstəmov küçəsi 72a ünvanında inşa olunmuş yüksəkmərtəbəli binanın mənzillərinin özəlləşdirilməsinə köməklik göstərilməsi kimi məsələlərlə rayon rəhbərliyinə müraciət ediblər.
Sakinlər tərəfindən səsləndirilən müraciətlər qeydiyyata alınıb və həlli nəzarətə götürülüb.
Sonda sakinlər görülən işlərdən razılıq ifadə edərək, onların istirahəti üçün burada yaradılan şəraitə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər