Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda şəhid Zakir Cəfərovun xatirə günü keçirilib

02 may 2019 | 16:00

02 may 2019-cu il tarixində şəhid Zakir Cəfərovun doğum günü münasibətilə məzunu olduğu 109 №-li tam orta məktəbdə anım tədbiri keçirilib.

Şəhid Zakir Cəfərovun, həmçinin bütün Qarabağ şəhidlərinin ruhları bir dəqiqəlik sükutla yad edildikdən sonra məktəbin direktoru Füzuli Xudiyev çıxış edərək bildirib ki, Zakir Cəfərov 3 may 1996-cı ildə doğulub, orta təhsilini 201 və 109 №-li məktəblərdə alıb, 2011-2015-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdindəki İnşaat Kollecində oxuyub.

Zakir Cəfərov Xocəvənd rayonunda hərbi xidmət keçib, tez bir zamanda hərbi hissədə böyük hörmət qazanıb, öz vətənpərvərliyi və qorxmazlığı ilə seçilib, bu səbəbdən də onu kəşfiyyat bölüyünə götürüblər. Dəfələrlə müxtəlif əməliyyatlarda iştirak edib, 2017-ci il fevral ayının 24-dən 25-nə keçən gecə növbəti kəşfiyyat tapşırığını yerinə yetirən zaman yaralanmış komandirini döyüş ərazisindən çıxararkən özü də şəhid olub.

Zakir Cəfərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə "Şücaətə görə" medalı ilə təltif edilib.

F.Xudiyev həmçinin qeyd edib ki, Zakir Cəfərov məktəbimizin sevimli şagirdi olub, müəllimlər tərəfindən həmişə nümunəvi və tərbiyəli şagird kimi qiymətləndirilib, öz vətənpərvərliyi ilə daim seçilib.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini  Bəhman Hüseynov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsinin Çağırış şöbəsinin müdiri, polkovnik-leytenant Aqşin Əliyev, “Dünya Azərbaycanlılarının Həmrəyliyi” cəmiyyətinin sədri Tofiq Əlizadə, QMƏVŞA İB-nin Nizami rayon filialının sədri Məhi Mehdiyev, 2016-cı il Aprel döyüşlərinin iştirakçısı Elnur Fərzəliyev çıxış edərək keçirilən tədbirin vətənpərvərlik tərbiyəsinin təbliği baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıblar. Çıxış edənlər onu da bildiriblər ki, Zakir Cəfərovun qəhrəmanlıq səlnaməsinə həkk olunmuş qısa ömrü yeniyetmə-gənclərə əsl örnək və Vətəni sevmək nümunəsidir.

Şəhidin anası Kəmalə Abdullayeva tədbirin təşkilatçılarına minnətdarlığını bildirib və işğal olunmuş torpaqlarımızın tezliklə yağı düşmən tapdağından azad olunacağına, şəhid oğullarımızın qisaslarının  alınacağına əmin olduğunu vurğulayıb.

Tədbirin sonunda 109 №-li tam orta məktəb şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya və şəhid Zakir Cəfərovun həyat yolundan bəhs edən video-çarx nümayiş edilib.

 

 

Keçidlər