Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda 2 iyul – Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirilib

02 iyul 2019 | 16:00

02 iyul 2019-cu il tarixində Nizami Rayon Polis İdarəsində 2 iyul – Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 2 iyul tarixli sərəncamı ilə müstəqil Azərbaycanın polis orqanı yaradıldığını və böyük vətənpərvərliklə ilk müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynadığını qeyd edib. Azərbaycan polisinin hər zaman xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət etdiyini, asayişin, sabitliyin və əmin-amanlığın qorunması kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirdiyini söyləyən A.Qasımov 2 iyul - polis işçilərinin peşə bayramının 1998-ci ildə ulu öndər Heydər Əliyevin Fərmanı ilə təsis edildiyini diqqətə çatdırıb. A.Qasımov polis işçilərini peşə bayramları münasibətilə təbrik edərək, Azərbaycan polisinə insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını qoruması işində uğurlar arzulayıb.

Nizami Rayon Polis İdarəsinin rəisi polis polkovniki Ədalət  Abbasov Azərbaycan dövlətinin formalaşmasında, milli maraqlarımızın qorunmasında Azərbaycan polisinin müstəsna xidmətləri haqqında məruzə edib. Ə.Abbasov Azərbaycan polisinin yarandığı gündən ictimai asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin, əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələrin öhdəsindən layiqincə gəldiyini bildirərək, peşəkarlığın artırılması, maddi-texniki bazanın beynəlxalq standartlar səviyyəsində qurulması və polis işçilərinin sosial şəraitinin yaxşılaşdırılmasının dövlət qayğısının bariz nümunəsi kimi qiymətləndirildiyini nəzərə çatdırıb.

Azərbaycan polisinin güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanı olduğunu qeyd edən Ə.Abbasov Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davam edən bu inkişaf və modernləşmənin vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verdiyini vurğulayıb.

Sonra çıxış edən rayon prokuroru Pərviz İbayev, polis veteranı Aydın Əzimov və başqaları polis işçilərini peşə bayramları münasibətilə təbrik ediblər və Azərbaycan polisinin keçdiyi tarixi yolun bugünkü nəsil üçün örnək olduğunu, xalqımızın Azərbaycan polisinə böyük inam bəslədiyini, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, milli maraqların qorunmasında polisin xidmətlərinin danılmaz olduğunu söyləyiblər.

Sonda xidmətdə fərqlənən bir qrup polis əməkdaşına Nizami Rayon İcra Hakimiyyətinin Fəxri fərmanı və hədiyyələr verilib.

 

Keçidlər