Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Aşura mərasimləri: ənənəvilik və müasirlik” mövzusunda konfrans keçirilib

03 sentyabr 2019 | 16:00

03 sentyabr 2019-cu il tarixində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda konfrans keçirilib.

Rayon İcra Hakimiyyətinin, bələdiyyələrin nümayəndələrinin, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, din xadimlərinin, dini icma sədrlərinin, gənclərin, təhsil müəssisələrinin işçilərinin, valideynlərin və qeyri-hökumət təşkilatlarının rəhbər və üzvlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova qeyd edib ki, rayon ərazisində Məhərrəmlik mərasimlərinin keçirilməsi ilə bağlı məqsədyönlü tədbirlər görülüb, müvafiq təşkilatı işlər həyata keçirilib. Hazırda tədbirlər planına əsasən yerlərdə maarifləndirmə işləri aparılır, görüşlər keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə keçirilən konfransın əhəmiyyətini vurğulayan Gülnaz İsrafilova onu da bildirib ki, tədbirdə rayon ictimaiyyətinin iştirakı maarifləndirmə baxımından xüsusi önəm daşıyır və bu eyni zamanda çox təqdirəlayiqdir.  

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov çıxış edərək bildirib ki, İslam dəyərləri xalqımızın mənəvi varlığının ayrılmaz tərkib hissəsinə çevrilib, dini radikalizm və xurafata qarşı olan dinimiz həmişə insanları saflığa, ülvi mənəviyyata dəvət edib. Dini kimliyimiz milli kimliyimizin tərkib hissəsidir: Biz milli kimliyimizi hər şeydən üstün tutmalıyıq. Təəssüflər olsun ki, bəzi dini qruplar məqsədli şəkildə dini kimliyimizlə milli kimliyimizi qarşı-qarşıya qoyurlar.

Dövlət Komitəsinin sədr müavini onu da qeyd edib ki, Aşura mərasimlərində Qafqaz Müsəlmanları İdarəsinin fətvasına əməl edilməsi olduqca vacibdir. Eyni zamanda, vətəndaşlar, xüsusilə gənclər yad ideyalardan qorunmaları üçün müvafiq icazəsi olmayan ədəbiyyatlardan və saxta dini təqvimlərdən istifadə etməməlidirlər. Natiq din xadimlərini və dindarları dini ekstremizm və xurafata qarşı mübarizədə fəal olmağa çağırıb və Aşura mərasimlərində hər hansı siyasi çıxışların olmaması, bu mərasimlərin siyasi alət kimi istifadə edilməməsi və dinimizin sırf mənəvi-ruhi nöqteyi-nəzərdən təbliğ edilməsinin vacibliyinə toxunub. Aşura mərasimlərində Qafqaz Müsəlmanları İdarəsinin fətvasına, orada qeyd olunan tövsiyələrə əməl edilməsinin önəmindən bəhs edən DQİDK sədrinin müavini vurğulayıb ki, Məhərrəmlik mərasimləri qanun çərçivəsində keçirilməli, zəncir vurmaq, baş yarmaq kimi xalqımızın mədəniyyətinə və dinimizə uyğun olmayan əməllərə yol verilməməlidir.

YAP Nizami təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov çıxış edərək konfransın əhəmiyyətini vurğulayıb və hamını, xüsusilə də rayon gənclərini Aşura günü qanvermə aksiyasında fəal iştirak etməyə çağırıb.

Nizami Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev çıxışında vurğulayıb ki, dini radikalizmlə mübarizənin gücləndirilməsi və milli-mənəvi dəyərlərin qorunub saxlanılması məqsədilə dini maarifləndirmə işinin aparılması zəruridir və belə işlərin Məhərrəmlik tədbirlərinin keçirilməsi ilə bağlı aparılması isə daha məqsədəmüvafiqdir.

Tədbirdə çıxış edən Keşlə Şah Abbas məscidinin imamı Hacı Sirac Səfərov və Sahibi-əz Zaman məscidinin imamı Hacı Natiq İsayev qeyd ediblər ki, Məhərrəm ayında təşkil edilən dini mərasimlər, xüsusilə də Aşura mərasimləri məscidlərdə Qafqaz Müsəlmanları İdarəsinin fətvasında irəli sürülən tövsiyələrə riayət olunmaqla keçiriləcək, təziyə məclislərində Kərbəla şəhidləri ilə yanaşı, Vətən uğrunda canlarını qurban vermiş qəhrəman övladlarımızın da əziz xatirəsi ehtiramla anılacaqdır.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.

 

Keçidlər