Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda əhalinin siyahıyaalınmasına hazırlıqla bağlı tədbir keçirilib

24 sentyabr 2019 | 16:00

24 sentyabr 2019-cu il tarixində Rayon İcra Hakimiyyətində 2019-cu ildə rayon əhalisinin siyahıyaalınmasına hazırlığın və onun keçirilməsi üzrə nəzərdə tutulmuş tədbirlərin icra vəziyyətinə dair tədbir keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini, əhalinin siyahıyaalınmasına yardım komissiyasının sədri İldırım Mehdiyev, komissiyanın üzvləri, siyahıyaalma məntəqələrinin müdirləri, müdir müavinləri və təlimatçı-nəzarətçilər iştirak ediblər.

Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 sentyabr tarixli 1040 nömrəli Fərmanına uyğun olaraq bu ilin 1-10 oktyabr tarixlərində ölkə ərazisində əhalinin növbəti siyahıyaalınmasının həyata keçiriləcəyini bildirib.

İ.Mehdiyev qeyd edib ki, ölkədə əhalinin siyahıyaalınmasının keçirilməsində məqsəd əhalinin sayı, yerləşməsi, miqrasiyası və tərkibi, habelə müəyyən bir dövr üzrə vacib olan məlumatların əldə olunmasıdır.

Natiq əhalinin siyahıyaalınmasının vahid statistik metodologiya əsasında həyata keçiriləcəyini və cəmiyyətdəki vəziyyət haqqında, onun iqtisadiyyatı, sosial sahəsi, mənəvi dəyərləri və sair barədə mühakimə yürütməyə imkan verəcəyini söyləyib.

İ.Mehdiyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” 16 dekabr 2016-cı il tarixli 517 nömrəli Qərarına əsasən Nizami Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə rayon ərazisində siyahıyaalma ilə əlaqədar hazırlıq və onun keçirilməsi üçün nəzərdə tutulmuş tədbirlərin vaxtında və mütəşəkkil yerinə yetirilməsi, qarşıya  çıxan çətinliklərin operativ surətdə aradan qaldırılmasının təmin edilməsi məqsədi ilə əhalinin siyahıyaalınmasına yardım komissiyası yaradıldığını bildirib. Eyni zamanda, rayonda orta hesabla 14 min nəfər əhalini əhatə edən 15 siyahıyaalma məntəqəsinin təşkil edildiyini də diqqətə çatdırıb. O, əhalinin siyahıyaalınmasının mühüm dövlət tədbiri olduğunu və onun müvəffəqiyyətlə keçirilməsində iştirak edən hər bir şəxsin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.

Sonra Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilən siyahıyaalma və sorğu vərəqələrinin işlənilməsi qaydası haqqında ətraflı izahatlar verilib və suallar cavablandırılıb.

Keçidlər