Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə “Yaşlı nəslin təcrübəsindən faydalanaq” mövzusunda tədbir keçirilmişdir.

19 dekabr 2013 | 16:00

18 dekabr 2013-cü il tarixində Nizami Rayon İcra Hakimiyyətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə “Yaşlı nəslin təcrübəsindən faydalanaq” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, YAP Nizami rayon təşkilatının, Rayon Ağsaqqallar Şurasının, Ahıl Ziyalılar Cəmiyyətinin, təlim-tərbiyə müəssisələrinin rəhbərləri iştirak etmişlər.
Tədbiri Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova ulu öndər Heydər Əliyevin “Ahıllar bizim milli-mənəvi dəyərlərimizin qızıl fondudur” kəlamı ilə açaraq, Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən olan yaşlı nəslə hörmət, onların öyüd-nəsihətlərini dinləyib əməl etmək, kiçiklərə qayğı və məhəbbət göstərmək kimi adət-ənənələri diqqətə çatdırmış, qloballaşan dünyada belə dəyərlərə böyük diqqət yetirilməsinin vacibliyini vurğulamışdır.
Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva milli-mənəvi dəyərlərin qorunub saxlanması istiqamətində digər rayonlarda da bu kimi tədbirlər keçirildiyini qeyd edərək gənclərin yaşlı nəslin təcrübəsindən faydalanmasının əhəmiyyətindən söhbət açmış, gələcək nəsillərin milli-mənəvi dəyərlər üzərində tərbiyə olunmasında, cəmiyyətdəki ailə institutlarının qorunması və möhkəmləndirilməsində, ailənin kiçik bir dövlət kimi qorunub saxlanmasında bu təcrübənin əsas amil olduğunu nəzərə çatdırmışdır.
Tədbirdə iştirak edən rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev, Ahıl Ziyalılar Cəmiyyətinin sədri Afət Vəliyeva, YAP Nizami rayon təşkilatı aparatının rəhbəri Ramil Vəlibəyov çıxışlarında gənclərin iştirakı ilə belə tədbirlərin keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini, yaşlı nəslin həyat təcrübəsinin yeniyetmələrə örnək olduğunu, onların milli dəyərlər ruhunda tərbiyə olunmasının vacibliyini vurğuladılar.
Çıxışlardan sonra dəyirmi masa ətrafında müzakirələr davam etdirildi.

Keçidlər