Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyətində 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir

14 fevral 2014 | 16:00

13 fevral 2014-cü il tarixində İcra Hakimiyyətində 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Yığıncaqda millət vəkilləri Sədaqət Vəliyeva, Flora Qasımova, Rasim Musabəyov, Rüfət Quliyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov iştirak etmişlər.
İlk öncə yığıncaq iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin Rayon İcra Hakimiyyətinin inzibati binasının foyesindəki büstünün önünə gül dəstələri düzmüş və əziz xatirəsini yad etmişlər.
Yığıncağı giriş sözü ilə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov açaraq, ötən il Nizami rayonunun sosial-iqtisadi inkişafı sahəsində nailiyyətlər əldə edildiyini, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq bir sıra yeni obyektlərin inşa olunduğunu, təhsil, səhiyyə və idman ocaqlarında yenidənqurma və əsaslı təmir işlərinin aparıldığını, rayon ərazisində abadlıq-quruculuq işlərinin görüldüyünü diqqətə çatdırdı. Həmçinin 2013-cü ildə təhsil sahəsində uğurlar qazanıldığını, sosial sahədə vətəndaşların rifahının yaxşılaşdırılması və sakinlərin sosial-məişət problemlərinin həlli istiqamətində zəruri tədbirlərin həyata keçirildiyini qeyd etdi. Sonra T.Budaqov yığıncaq iştirakçılarını rayonun sosial-iqtisadi inkişafını əks etdirən “Nizami rayonu – 2013” videofilmə baxmağa dəvət etdi.
Filmdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın iştirakı ilə 2013-cü ildə Nizami rayonunda yenidənqurulmuş, inşa olunmuş müəssisə və sosial obyektlərin açılış mərasimləri, ümumilikdə rayonun sənaye, təhsil, səhiyyə, mədəniyyət, idman və kommunal-təsərrüfat sahələrində əldə olunmuş uğurlar, rayonda aparılan abadlıq-quruculuq işləri və keçirilən tədbirlər əks olunmuşdur.
Filmin nümayişindən sonra millət vəkilləri Sədaqət Vəliyeva, Rasim Musabəyov, Flora Qasımova, Rüfət Quliyev və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev mövzu ətrafında çıxış etdilər.
Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxış edərək ölkə rəhbəri tərəfindən mətbuat işçilərinə göstərilən qayğıdan, onların sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışdı.
V.Səfərli Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqova “Media ilə icra orqanları arasında əməkdaşlığın inkişafında fəal roluna görə” KİVDF-in diplomunu təqdim etdi.
Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında KİVDF-in birgə təşkil etdiyi  “Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsində iştirak edən 43 jurnalist arasında qalib olan 17 jurnalist mükafatlandırıldı.
Hesabat yığıncağına yekun vuran Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov ölkə Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı, eləcə də Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransdakı nitqlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı rayonda görüləcək işlərdən söz açdı.
T.Budaqov ölkə başçısının 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Nizami rayonunda fəaliyyət göstərən sənaye müəssisələrinin mövcud potensiallarından daha da səmərəli istifadə etmələrinin vacibliyini vurğuladı.

Keçidlər