Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Milli Gimnastika Arenasında tikinti işlərinin gedişi ilə tanış olmuşlar

18 fevral 2014 | 16:00

17 fevralın 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Nizami rayonunda Milli Gimnastika Arenasında tikinti işlərinin gedişi ilə tanış olmuşlar.
Ölkəmizdə idmanın kütləviliyini artırmaq, gənclərin idmana marağını təmin etmək və bu sahədə yeni-yeni qələbələr qazanmaq üçün dövlət tərəfindən məqsədyönlü işlər həyata keçirilir, idman infrastrukturunun yaradılması istiqamətində mühüm tədbirlər görülür, yeni obyektlər tikilib istifadəyə verilir. Hazırda ölkədə 40-dan çox Olimpiya-İdman kompleksi tikilib istifadəyə verilmişdir. Eyni zamanda, mövcud idman obyektlərində aparılan yenidənqurma işləri beynəlxalq yarışların keçirilməsi üçün ölkəmizin imkanlarını daha da artırır. Belə Olimpiya-İdman komplekslərindən biri də təməli ölkə başçısı tərəfindən 2009-cu ildə qoyulan Milli Gimnastika Kompleksidir ki, artıq bu arenada tikinti işləri başa çatmaq üzrədir.
Arenada görülən işlərlə bağlı Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevaya məlumat verərək, dünya standartlarına uyğun inşa olunan kompleksdə mətbuat mərkəzi, ilk tibbi yardım məntəqəsi, xoreoqrafiya, trenajor zalları, dopinq nəzarəti, inzibati otaqlar, mağazalar, kafelər və digər yardımçı sahələr yerləşdiyini,  hotel yaradıldığını, yarışların miqyasından asılı olaraq, arenanın əsas hissəsində oturacaq yerlərinin sayının 5 mindən 9 min 600-ə qədər artırmaq mümkün olduğunu, kompleksin fasadında illüminasiya elementlərini təqdim edən ekranlar quraşdırıldığını bildirdi. Həmçinin əsasən gimnastika yarışları üçün nəzərdə tutulan arenanın digər idman tədbirləri və yarışlarının keçirilməsi üçün uyğunlaşdırıldığını söylədi.
Bundan başqa, Milli Gimnastika Arenasında bu ilin iyununda bədii gimnastika üzrə Avropa çempionatının, 2015-ci ildə birinci Avropa Oyunları çərçivəsində 6 gimnastika fənni üzrə yarışların, 2019-cu ildə isə bədii gimnastika üzrə 2020-ci il Olimpiadasına lisenziya xarakterli dünya çempionatının keçirilməsinin planlaşdırıldığı qeyd olundu.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ayrıca inşa edilmiş məşq zalında yaradılan şəraitlə tanış oldular.
Sonda Dövlət başçısına və xanımına milli yığmanın forması təqdim olundu və xatirə şəkli çəkdirildi.

Keçidlər