Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın xalqını və torpaqlarını qoruyan güclü ordusu, mərd övladları var

02 avqust 2020 | 16:00

Dövlətin suverenliyini və onun ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə onun güclü Ordusudur. Azərbaycanın zəngin dövlətçilik tarixində güclü ordunun yaradılması hər zaman prioritet məsələlərdən olmuşdur. Azərbaycanda milli ordu quruculuğu prosesi, onun formalaşması və inkişafı dünya şöhrətli siyasətçi, müasir dövlətimizin banisi ulu öndər Heydər Əliyevin adı və zəngin fəaliyyəti ilə bağlıdır. Xalqımızın Ümummilli Lideri Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ordu quruculuğu, milli zabit kadrların hazırlığı məsələlərini daim önə çəkib. Ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində açdığı yol Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Silahlı Qüvvələrimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, ordumuzun müasir silahlarla təminatı istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordularından birinə çevrilib və dünya miqyasında 50 ən güclü ordu sırasındadır. Azərbaycan Ordusunu güclülər sırasına çıxaran əsas amillər qətiyyətli Ali Baş Komandan və insanlarda olan yüksək vətənpərvərlik hissləridir.

Azərbaycan Ordusu öz gücünü 2016-cı ilin aprel ayında növbəti dəfə sübut etmişdir. 1994-cü il mayın 12-də cəbhədə rəsmən atəşkəs elan olunmasına baxmayaraq, ermənilər hələ də atəşkəs rejimini pozmaqda davam edirlər. Lakin Azərbaycan Ordusunun qəhrəman əsgərləri ön xətdə düşmənə layiqli cavab verir, işğalçı ordunun təxribatlarının qarşısını qətiyyətlə alırlar. 2016-cı ilin aprelində Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenidən düşmənə öz gücünü göstərdi. 2016-cı il aprelin 2-də Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza yenidən qələbə sevinci yaşatdı.

Azərbaycan Ordusunun daha bir uğuru 2018-ci ildə Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Ordusunun keçirdiyi əməliyyatı da Silahlı Qüvvələrimizin uğurları sırasındadır. Şərur rayonunun işğal altında olan Günnüt kəndi və ətraf ərazilər uğurlu əməliyyat nəticəsində düşmən tapdağından azad edildi, 11 min hektar torpağa ordumuzun nəzarəti təmin olundu. Nəticədə, Əlahiddə Ümumqoşun Ordu düşmənin mühüm strateji yollarına nəzarəti ələ aldı, onun üzərində böyük üstünlük qazandı.

Əsgərlərimiz, gizirlərimiz, zabitlərimiz və generallarımız vətən uğrunda, birliyimiz və bərabərliyimiz uğrunda, Azərbaycan dövlətinin əbədi yaşaması uğrunda, gələcək nəsillər uğrunda gözlərini belə qırpmadan şəhidlik mərtəbəsinə yüksəlirlər. Bunun ən son nümunəsini 12 iyulda Azərbaycan – Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın atəşkəs müqaviləsini pozaraq hücuma keçməsi zamanı gördük. Ermənistan bu təxribatın səbəbkarı kimi Azərbaycanı göstərməyə cəhd edib. Halbuki bu, heç bir məntiqə sığmır. Azərbaycanın Ermənistanla dövlət sərhədində hər hansı bir hərbi məqsədi yoxdur. Ermənistan işğalçılıq siyasətini davam etdirir, ərazilərimizi zəbt etmək, mövqelərimizi ələ keçirmək istəyir. Amma Silahlı Qüvvələrimizin döyüş hazırlığı, mənəvi-psixoloji ruhu, bölmələrimizin yüksək hazırlığı sayəsində Ermənistan silahlı bölmələrinin hücumlarının qarşısı sərt şəkildə alındı. Düşmənə qarşı tətbiq olunan dəqiq və dağıdıcı gücə malik silahlar, həmçinin əsgər və zabitlərimizin qəhrəmanlığı onu itki verərək geri çəkilməyə məcbur etdi.

Prezident,  Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən xalqımız, ordumuz bu təlatümlü günlərdə onun yanında oldu, dəstəklədi. Ali Baş Komandan vətən uğrunda canlarını verən qəhrəmanlarımızı unutmur, onların, ailələrinin qayğısına qalır və onların qəhrəmanlığını yüksək qiymətləndirir. Ali Baş Komandan qeyd edib ki, vətən uğrunda şəhid olan hərbi qulluqçularımızın qəhrəmanlığı heç vaxt unudulmayacaq, onların qisası alınıb və alınacaq, qanları yerdə qalmayacaq.

Torpaqlarımızın qorunması yolunda canlarından keçmiş şəhidlərimizin hünəri gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək isə hər kəsin vətəndaşlıq borcudur.

 

Keçidlər