Şriftin ölçüsü :

Saytın rəngi :

Qələbəyə aparan yol

13 noyabr 2020 | 16:00

Bu  gün  biz  tarixin  ən  qısa  sürən  müharibələrindən  birinin  şahidi  olduq,  yox, şahidi  olmadıq, bu  müharibəni  yaşadıq. Sanki  bu  44   gündə  biz  bir  millət  kimi  həm  özümüzü,  həm  də  Ali  Baş  Komandanımızı  kəşf  elədik. O  komandanımız  ki, müharibə  başlayandan  bitənə  kimi  xalqı  ilə  bir  oldu. Xalqı  ilə  sevindi,  xalqı ilə  güldü.  Bütün  gücünü,  qüvvəsini,  zehnini, düşüncəsini,  siyasi  gedişlərini  30  ilə yaxın  Qarabağ  probleminin  həllinə  sərf  elədi.

Bəzən  öz  çıxışları  ilə  dünya  mediasının   ən  öndə  gedən,  aparıcı  mətbuat  orqanlarına,  televiziya  kanallarına  çox  dəqiq,  faktlara  əsaslanan  arqumentlərlə  şillə  kimi  cavab  verdi,  bəzən  də  düşmənini   sadə  xalq  dili  ilə  yıxıb-sürüdü. Yox,  yıxıb-sürümədi, baltanı  lap  ağacın  dibindən  vurdu.

Bu  müharibə  başqa  müharibələrə  bənzəmədi. İndi  erməninin  qarşısında nə  1993-cü  ilin  Azərbaycanı,  nə  də  silahsız,  əliyalın  xalqı  dayanmışdı. İndi  öz  hərbi  gücü  və  taktikası,  rəşadətli   ilə  dünyaya  meydan  oxuyan  Azərbaycan   Ordusu  və onun  hərtərəfli  dünyagörüşə  malik  siyasi  rəhbəri  vardı. Bu  müharibə   torpağının  hər  qarışı  uğrunda  pələng  kimi  döyüşən  igidlərin  qanı  ilə  aparılırdı. Belə  döyüş,  belə  dövlət,  belə  Vətən  sevgisi  görən  olmamışdı. Dağ  yuxarı,  şəhidi,  yaralısı  çiynində, qan-tər  içində döyüşə-döyüşə  üzüyuxarı  Şuşaya  doğru  qalxırdı  Azərbaycan  əsgəri. O  Şuşaya  ki,  Cabbar  Qaryağdının,  Xan  əminin  “Qarabağ  şikəstəsi”nin  zənguləsi  qayalarında  əks-səda  vermişdi. Şuşaya  can  atırdı  Azərbaycan ordusu. Şuşa  Qarabağın   döyünən  ürəyi,  vuran  nəbzi  idi. Son  nöqtəni,  yox,  son  nidanı  qoymağa  tələsirdik.  Axı  28  il  yarım  idi  biz  Şuşaya,  Şuşa  bizə  həsrət  qalmışdı. Cıdır  düzündə  köhlən  vuran  məşhur  Qarabağ  atlarınin  belində  şəstlə  oturan  igidlər  əllərində  üçrəngli  bayrağımız  hazır  dayanıb. Artıq  bu  həsrətin  bitməyinə  sayılı  günlər  qalırdı. Biz  buna  Ali  Baş  Komandanımızın   hər  çıxışında  ordumuzun  azad   etdiyi  şəhərlərimizin,  kəndlərimizin   adlarını  gözündə  sevinc,  səsində  qürurla  dediyi  zaman   inandıq. Və  bu   inam,  bu  cəsarət  bizi  Şuşaya  apardı. Düz  28  il  yarım  işğal  altında  olan  Şuşaya   may  ayının  8-də   üçrəngli  bayrağımızın  endirildiyi  binanın  başına  yenidən  Zəfər  bayrağımız  sancıldı. Şuşanın  azad  edilməsi ilə,  şəhidlərimizin  intiqamının  alınması  ilə  bu  böyük  qələbəni  Azərbaycan  xalqına  bəxş  etməklə  Ulu  Öndərin  vəsiyyəti  yerinə  yetirildi. 

Şuşanın  işğaldan  azad   edilməsi  müharibənin  sonu  oldu. Noyabrın  10-u  ölkəmiz  üçün  tarixi  bir  gün  oldu. Prezident  İlham  Əliyev  44  gün  davam  edən  müharibənin  bitdiyini  bəyan  elədi. Bu  qələbə  torpaqlarımızın  azadlığı  uğrunda  canını  fəda  edən  şəhidlərimizin,  qazilərimizin,  Şanlı  Ordumuzun  və  Ali  Baş  Komandanımızın  qələbəsi  idi. Bu  həm  siyasi,  həm  də  müzəffər   ordumuzun  qələbəsi  idi. Bu həm  də  Qarabağın  qələbəsi  idi.

Qələbən  mübarək, AZƏRBAYCAN! 

Zeynəb Səfərova,
 70 nömrəli məktəb-liseyin müəllimi
Keçidlər