Şriftin ölçüsü :

Saytın rəngi :

Səhiyyə sahəsində uğurlarımız və yeni hədəflərimiz

02 fevral 2021 | 16:00

Səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindəndir. Ümummilli lider Heydər Əliyev səhiyyə quruculuğu ilə əlaqədar  tədbirlər kompleksinə köhnə səhiyyə ocaqlarının yenidən qurulması, yenilərinin tikilməsi və ən müasir aparatlarla təchiz edilməsi, əhalinin kütləvi dispanser qeydiyyatından keçirilməsi və sahə həkimlərinin fəaliyyətinin artırılmasından başladı. Heydər Əliyev hər zaman tibb işçilərinə böyük qayğı göstərmiş və həkimlik peşəsinin öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir iş olduğunu vurğulamışdır.

Ümummilli liderin başladığı işlər bu gün respublikamızın Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Səhiyyə Nazirliyi Prezidentin sosialyönümlü siyasətini əzmlə və müvəffəqiyyətlə həyata keçirir. Yeni islahatlar, qanunverici bazanın təkmilləşdirilməsi, ölkənin elmi-tibbi potensialının gücləndirilməsi bu gün səhiyyəmizin əsas inkişaf istiqamətlərindəndir. Yeni tibb müəssisələrinin tikilməsi, bütün mövcud xəstəxana və poliklinikaların yenidən qurulması və modernləşdirilməsi, yeni avadanlıqlarla təchizatı səhiyyəmizin yüksəlişinin təzahürləridir. Bu sahədə qəbul edilən dövlət proqramları gələcək nəslin sağlam inkişafına bir töhfədir.

Prezidentimiz insan sağlamlığını cəmiyyətimizin sərvəti hesab etməklə yanaşı, Azərbaycan səhiyyə sistemində aparılan islahatlara da yüksək dəyər vermişdir. İnsanların sağlamlığının qorunması, gələcək nəslin sağlam böyüməsi ölkə başçısının daim nəzarətindədir.

Azərbaycanın hər bir bölgəsində əhali müasir xəstəxanalarda keyfiyyətli tibbi yardım ala bilir. Xaricdə təhsil almış yüsək ixtisaslı həkim kadrlar və peşəkar tibbi heyət olduğu üçün xəstələr öz sağlamlıqlarına qovuşmaq üçün xarici ölkələrə üz tutmurlar. Müxtəlif xəstəliklər üzrə insanlar pulsuz dərmanlarla təmin olunur, maddi imkanı aşağı olan xəstələrin müalicə xərcləri dövlət hesabına ödənilir.

Səhiyyə sahəsində dövlət siyasətinin növbəti hədəfi səhiyyə sisteminin təkmilləşdirilməsi, müasirləşdirilməsi və tibbi xidmətin keyfiyyətinin artırılmasıdır. Artıq bir ildən çoxdur ki, bütün dünya koronavirus infeksiyasına qarşı mübarizə aparır. Ölkəmizdə də bu gözəgörünməz bəlanın yayılmasının qarşısını almaq üçün dövlət səviyyəsində mühüm işlər görülmüşdür. Biz pandemiyaya əvvəldən hazır idik və ilk günlərdən lazımi addımları atmışdıq. Bir sıra ölkələr və beynəlxalq təşkilatlar da hökumətimizin pandemiya ilə mübarizəsini yüksək qiymətləndirmişdir.

Yürüdülən dövlət siyasəti və vətəndaşların artan məsuliyyəti nəticəsində hazırda Azərbaycanda koronavirusla  bağlı vəziyyət nəzarət altındadır. Azərbaycan  Cənubi Qafqazda ilk olaraq  vaksinasiya işlərinə start vermişdir. Həmçinin pandemiya ilə mübarizə məqsədilə 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərilmişdir.

Eyni zamanda, Prezidentimiz bütün ölkələri həmrəyliyə, bu bəlaya qarşı mübarizədə təşəbbüsləri birləşdirməyə çağırmışdır. Əksər ölkələrin vaksin siyasətində ayrıseçkiliyini pisləyərək vaksinlərin heç bir fərq qoyulmadan bütün insanlara çatmalı olduğunu öz çıxışlarında dəfələrlə vurğulamışdır.

İşğaldan azad olunan rayonlarımızda da müasir tibb ocaqlarının tikilməsi, ən son tibbi texnologiyaların insanların ixtiyarına verilməsi prioritet məsələlərdəndir.

Tibbi xidmətin hər kəs üçün əlçatanlığının təmin olunması həm də dövlət başçısı tərəfindən əhaliyə göstərilən yüksək qayğının bariz nümunəsidir.

 

Ülviyyə İsmayılova
70 nömrəli məktəb-liseyin müəllimi
Keçidlər