Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Hərbi vətənpərvərlik, Müzəffər Ordumuzun Zəfəri” mövzusunda tədbir keçirilib

26 iyun 2021 | 16:00

26 iyun 2021-ci il tarixində Nizami Rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nizami rayon İdarəsinin birgə təşkilatçılığı ilə 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə “Hərbi vətənpərvərlik, Müzəffər Ordumuzun Zəfəri” mövzusunda tədbir keçirilib.

İlk öncə Keşlə qəsəbəsində Şəhidlər xiyabanı ziyarət edilib, sonra  Rayon İcra Hakimiyyətinin inzibati binasının foyesindəki ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzülüb.

Nizami Rayon İcra Hakimiyyətinin akt zalında davam edən tədbirdə dövlət himni səsləndikdən sonra Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini cənab Qərib Məmmədov tədbiri açaraq 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımıza rəhmət diləyib, Vətən müharibəsi iştirakçılarına isə cansağlığı və işlərində uğurlar arzulayıb.

Q.Məmmədov qeyd edib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin ordu quruculuğu sahəsində apardığı siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. 30 ilə yaxın bir müddətdə erməni qəsbkarları tərəfindən Azərbaycan torpaqlarının 20 faizi işğal edilmişdir. BMT-nin qəbul etdiyi 4 qətnamə isə kağız üzərində qalmışdır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli mövqeyi, siyasi iradəsi və cəsur Azərbaycan Ordusunun peşəkar döyüş qabiliyyəti nəticəsində 27 sentyabr 2020-ci il tarixində başlanan və 44 gün davam edən döyüşlərdə Vətən torpağı işğaldan azad olundu. 10 noyabr 2020-ci il xalqımızın ən şanlı qələbəsi kimi tarixə yazıldı. Prezident İlham Əliyev bu Vətən savaşında həm diplomat, həm siyasətçi, həm də Ali Baş Komandan kimi öz sözünü dedi və “Qarabağ Azərbaycandır!” ifadəsi ilə Qarabağın Azərbaycanın əzəli və əbədi torpağı olduğunu bir daha beynəlxalq aləmin diqqətinə çatdırdı. Q.Məmmədov bu müharibədə Nizami rayonundan 25 nəfərin şəhidlik zirvəsinə ucaldığını, 150 nəfərə yaxın qəhrəman oğullarımızın isə yaralandığını söyləyib və onların da qəhrəmanlığının heç zaman unudulmayacağını vurğulayıb və şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Vətən uğrunda döyüşən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxışına davam edən Q.Məmmədov  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə döyüş əməliyyatlarında iştirak edən, şəxsi igidlik və şücaət nümayiş etdirdiklərinə görə rayon sakinlərindən 20 şəhid və müharibədə iştirak edənlərdən 7 nəfərin medalla təltif olunduğunu bildirib və bunun çox qürurverici bir hiss olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonra tədbirdə YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı  Sədaqət Vəliyeva, Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Yusif Əliyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Məhi Mehtiyev, Vətən Müharibəsi iştirakçısı, polkovnik-leytenant Azər Ağakişiyev və 44 günlük müharibədə şəhid olan Alı Həsənlinin atası Nofəl Həsənli çıxış ediblər.

Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təltif olunmuş şəhidlərin ailə üzvlərinə və müharibə iştirakçılarına medallar təqdim olunub.

 

     

 

 

 

 

Keçidlər