Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “İxtisaslarımızı seçin, gələcəyinizi təmin edin” mövzusunda görüşlər keçirilib

23 aprel 2018 | 16:00
Azərbaycan Memarlıq və İnşaat Universiteti rektorluğunun təşəbbüsü və Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 20 aprel 2018-ci il tarixində 210 №-li tam orta məktəbdə, 23 aprel 2018-ci il tarixində isə 272 №-li tam orta məktəbdə Universitetin səlahiyyətli əməkdaşlarının iştirakı ilə rayon üzrə bütün ümumtəhsil məktəblərinin I və II ixtisas qruplarını seçmiş 11-ci sinif şagirdləri ilə “İxtisaslarımızı seçin, gələcəyinizi təmin edin” mövzusunda görüşlər keçirilib.
Görüşlərdə Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova çıxış edərək bildirib ki, ali məktəblərə qəbul zamanı düzgün ixtisas seçimi əsas şərtlərdən biridir. Bəzi hallarda abituriyentlər seçimlərini düzgün apara bilmir, ixtisas seçimində və kodlaşdırmada müəyyən yalnışlıqlara və tələskənliyə yol verir, nəticədə öz sevdikləri ixtisaslardan uzaq düşürlər. Bu da öz növbəsində narahatçılığa səbəb olur. Azərbaycan Memarlıq və İnşaat Universiteti rektorluğunun təşəbbüsü ilə həmin ali təhsil ocağının bir qrup məsul işçilərinin  buraxılış siniflərində təhsil alan, I və II ixtisas qruplarını seçən şagirdlərlə görüşünün elə əsas məqsədi də ixtisas seçimində onlara düzgün yol göstərmək, daha perspektivli və ehtiyac duyulan ixtisaslar barədə məlumatlar verməkdən ibarətdir. Tədbirin böyük əhəmiyyətini vurğulayan G.İsrafilova, eyni zamanda onu da bildirib ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rəhbərliyinin bu təşəbbüsü çox təqdirəlayiqdir və ümidvarıq ki, əməkdaşlığımız bundan sonra daha da genişləndiriləcəkdir.
Tədbirdə çıxış edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaatın texnologiyası fakültəsinin dekanı Tahirə Haqverdiyeva universitet haqqında iştirakçılara geniş məlumat verib və qeyd edib ki, bu alı təhsil ocağında müasir təhsil sisteminin ən son nailiyyətləri tətbiq edilməklə tələbələrə geniş biliklər verilir. T.Haqverdiyeva onu da bildirib ki, universitetdə 25 ixtisas üzrə 7 fakültə fəaliyyət göstərir. Bütün ixtisaslar dövrün tələbləri baxımından çox əhəmiyyətlidir. Azərbaycanın memarlıq və inşaat sektorunda universitetin xüsusi payı olduğunu, məhz XXI əsrin qurucularının bu təhsil müəssisəsində hazırlandığını qeyd edən T.Haqverdiyeva I və II qrupu seçmiş 11-ciləri universitetin ixtisaslarını seçməyə dəvət edib.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tikinti-iqtisad fakültəsinin dekanı Rahad Qəribov çıxış edərək, 28 aprel 2018-ci il tarixində universitetdə “açıq qapı” günü keçiriləcəyini və şagirdlərin dəvət olunduğunu, onları maraqlandıran bütün suallara geniş məlumatlar əldə edə biləcəklərini diqqətə çatdırıb.
Tədbirlərdə, həmçinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin geniş fəaliyyəti barədə videoçarx nümayiş olunub, iştirakçılara məlumat vərəqələri paylanılıb, şagirdlərin sualları cavablandırılıb.

 
Keçidlər