Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Ailə Akademiyası” layihəsinin açılış tədbiri keçirilib

06 iyul 2018 | 16:00

06 iyul 2018-ci il tarixində 12 nömrəli tam orta məktəbdə Nizami Rayon İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq  Problemləri üzrə Dövlət Komitəsi, Nizami və Keşlə bələdiyyələrinin birgə təşkilatçılığı ilə “Ailə Akademiyası” layihəsinin açılış tədbiri keçirilib.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, Ailə, Qadın və Uşaq  Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının, Nizami və Keşlə bələdiyyələrinin əməkdaşları, ictimai birlik və təşkilatların, təhsil və səhiyyə ocaqlarının nümayəndələri iştirak ediblər.

Tədbiri açan Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova

cəmiyyətdə ailə dəyərlərinin qorunması, gənclərin gələcək ailə həyatına hazırlanması, valideyn-övlad münasibətlərinin tənzimlənməsi istiqamətində maarifləndirmə işlərinin həyata keçirilməsinin əhəmiyyətindən danışıb. G.İsrafilova qeyd edib ki, Azərbaycan ailəsi, ilk növbədə, milli adət-ənənələrimizi yaşatmalı, övladlarımız dünyaya gəldikləri gündən milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə olunmalı və bu ənənələr gələcək nəsillərə ötürülməlidir. Eyni zamanda, təhsil ocaqlarında da gənclərimizin xalqımızın mənəvi dəyərləri əsasında tərbiyə edilməsi məsələsi mühüm yer tutmalıdır. G.İsrafilova çıxışında “Ailə Akademiyası” layihəsinin ailə dəyərlərinin qorunması və möhkəmləndirilməsi istiqamətində atılmış mühüm addım olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq  Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva qloballaşma şəraitində zamanın çağırışlarına uyğun olaraq baş verən bir sıra proseslərin ailə institutuna nəzərəçarpacaq təsir göstərdiyini qeyd edib. “Ailə Akademiyası” layihəsinin əsas məqsədinin qloballaşmanın ailə institutuna təsiri fonunda ailə dəyərlərinin təbliği, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, qadınların cəmiyyətdə fəallığının və iştirakçılığının artırılması, gənclərin hüquqi biliklərinin və müasir cəmiyyətin inkişafında rolunun artırılması olduğunu söyləyib. A.Sofiyeva layihənin davamlılığı məqsədilə yerli özünüidarəetmə orqanları tərəfindən müxtəlif mövzular üzrə ekspertlərin iştirakı ilə tədbirlərin mütəmadi olaraq keçirilməsinin vacibliyini vurğulayıb.

Layihənin slaydlar üzərində təqdimatından sonra çıxış edən Keşlə bələdiyyəsinin sədri Ələmdar Bafadarov və Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev müasir zamanda yaşlı nəslin təcrübəsindən faydalanmağın gənclər üçün önəmindən bəhs ediblər.

Sonra tədbir Nizami bələdiyyəsində “Milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanaraq gələcək nəsillərə ötürülməsi” mövzusunda davam edib.

Tədbirdə Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyev, Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri Səriyyə Müslümqızı, 19 nömrəli Uşaq poliklinikasının baş həkimi Aidə Bayramova, 129 nömrəli məktəbin direktoru Esmira Quliyeva, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin III kurs tələbəsi Aygün Rəhimli çıxış ediblər.

Natiqlər layihənin əhəmiyyətindən, müasir gənclərin üzləşdiyi ictimai problemlərdən, Azərbaycanda qadın hüquqlarından, onlara verilən dəyərdən, boşanmalar və səbəblərindən, məişət zorakılıqlarından, ailə təməlinin düzgün qurulmasından danışaraq, örnək ailə nümunələrindən bəhs ediblər.

Tədbirdə ailə münasibətlərinin formalaşması, ailə tərbiyəsinin uşağın şəxsiyyət kimi inkişafında rolu, gənc qızlarda liderlik keyfiyyətlərinin formalaşması, yaşlı nəsil ilə gənc nəslin dialoqu, gənclərin, xüsusilə gənc qızların hüququ və vəzifələri kimi mövzular müzakirə olunub.

 

 

Keçidlər