Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilmişdir.

09 noyabr 2013 | 16:00

09 noyabr 2013-cü il tarixində Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilmişdir.
Tədbir ilk öncə Rayon İcra Hakimiyyətinin qarşısında ucaldılmış Dövlət bayrağının önündə Dövlət himninin səsləndirilməsi ilə başlamışdır.
Daha sonra İcra Hakimiyyətinin konfrans zalında davam edən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov tədbir iştirakçılarını bayram münasibətilə təbrik edərək hər bir ölkənin tarixi və dövlətçilik ənənələrinin onun rəmzlərində və atributlarında öz əksini tapdığını bildirərək, Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzin – dövlət bayrağının milli dövlətçiliyin varlığını, xalqın iradəsini ifadə edən amillərdən biri olduğunu qeyd etdi.
Sonra T.Budaqov Azərbaycan Respublikasının Dövlət Bayrağının tarixi haqqında çıxış üçün sözü başçının müavini Gülnaz İsrafilovaya verdi.
  G.İsrafilova  çıxışında Azərbaycanda üçrəngli dövlət bayrağının ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edildiyini, ikinci dəfə isə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilərək Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul olunduğunu, eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Azərbaycan SSRİ Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdığını və 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Sovetinin “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etdiyini bildirdi. Məruzəçi 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunduqdan sonra Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərinin, o cümlədən Dövlət bayrağının bərpa edildiyini, eyni zamanda Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət bayrağı gününün təsis edilməsi haqqında” sərəncam imzaladığını nəzərə çatdırdı. Çıxışının sonunda G.İsrafilova üçrəngli bayrağımızın Azərbaycanın müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin, tarixinin rəmzi olduğunu, hər bir Azərbaycan vətəndaşının bayrağımıza ehtiram göstərdiyini, bunu özünün müqəddəs borcu kimi qəbul etdiyini qeyd edərək, üçrəngli bayrağımızın hər zaman əbədi olacağını, bütün dünyada Azərbaycan dövlətinin və xalqının imzasını qürurla təsdiqləyəcəyini qeyd etdi.

Keçidlər