Şriftin ölçüsü :

Saytın rəngi :

Pandemiya, müharibə və sosial rifah

08 yanvar 2021 | 16:00

Prezident İlham Əliyevin sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır. Bu amil ölkəmizdə dayanıqlı iqtisadi inkişafın nəticələrinin, ilk növbədə əhalinin güzəranının yüksəldilməsinə yönəldilmişdir. Dəfələrlə Azərbaycanın sosial sahəyə çox böyük diqqət göstərən ölkə olduğunu qeyd edən Prezident İlham Əliyev demişdir: "Biz ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirə bildik və hesab edirəm ki, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir”. Bunun nəticəsidir ki, Azərbaycan hazırda güclü iqtisadiyyata, güclü orduya, dünya birliyində güclü mövqeyə sahib olmaqla yanaşı, güclü sosial siyasətə malik olan bir ölkəyə çevrilib. Aparılan siyasətin mərkəzində isə Azərbaycan vətəndaşı, vətəndaş rifahının təminatı prinsipi dayanır və bu prinsip əhalinin rifahına yönəldilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımların atılması ilə təsdiqini tapır.

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin Dağlıq Qarabağ bölgəsində aparmış olduğu 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın illərlə pozulmuş ərazi bütövlüyü bərpa olunmuşdur. Torpaqlarımız Ermənistanın işğalından azad olunmuş, müasir tariximizin ən parlaq səhifələri yazılmışdır.

İşğal altında olan müddət ərzində bu torpaqlarımız mənfur erməni separatçıları və terrorçuları tərəfindən xarabalığa çevrilmiş, doğma vətənimizə  məxsus olan tarixi və mədəni abidələr dağıdılmış, təbii sərvətlər tam talan edilmişdir. Lakin buna baxmayaraq, torpaqlar işğaldan azad olunduqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ərazilərin dirçəldiləcəyini, bu hədəfə nail olunması üçün bütün qüvvələrin səfərbər olunacağını, Qarabağa Böyük Qayıdışın təmin edilməsi üçün zəruri addımların atılacağını bəyan etdi.

Bunun təsdiqi olaraq, cənab Prezidentin 2021-ci ildə imzaladığı ilk Fərman “Qarabağ Dirçəliş Fondu”nun yaradılması ilə bağlı oldu. Bu bölgədə siyasi-iqtisadi sabitliyin bərqərar olunmasını, regional siyasətin tam həcmdə həyata keçirilməsini, işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasını, məcburi köçkün olmuş soydaşlarımızın işğaldan azad olunmuş ərazilərimizdə rahat və təhlükəsiz yaşayışa qayıdışını şərtləndirir.

Şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə dövlət başçısının xüsusi qayğısı nəticəsində Azərbaycanda şəhid ailələri, müharibə əlilləri, veteranlar, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yüksəldilməsi və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Hazırkı dövrə kimi Azərbaycan dövləti bu kateqoriyadan olan şəxslərə maliyyə dəstəyinin göstərilməsi, onların mənzillərlə, minik avtomobilləri ilə təminatı, müalicəsi, sosial durumunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirib və bu tədbirlər davam etməkdədir.

44 günlük Vətən müharibəsi dövründə Azərbaycan xalqı xeyirxahlıq, humanizm prinsiplərinə uyğun olaraq əsgərlərimizə təmənnasız yardım etmişdir. Bu gün də bu ənənə davam etdirilir, şəhid ailələrinin, hərbi əməliyyat iştirakçılarının zəruri ehtiyaclarının təmin edilməsinə xüsusi həssaslıqla yanaşılır və hər bir vətəndaş bu məsələyə əlindən gələn köməyi etməyə çalışır. Döyüşlərin davam etdiyi günlərdə evində yemək bişirib əsgərlərimizə göndərən, isti paltarlar alıb hərbçilərimizə yollayan nə qədər insanlarımızı gördük. Bu gün də bu proses davam edir, şəhid ailələrinə, qazilərimizə dəstək göstərilir. Bütün bunlar bir daha təsdiqləyir ki, humanizm, xeyirxahlıq bizim xalqımıza xas olan xüsusiyyətdir. Məhz bu reallığı nəzərə alaraq, müvafiq vahid platformanın yaradılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında” Fərman imzalayıb. Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı əsasında Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondu yaradılıb. Bu Fond sayəsində yardımlar mərkəzləşmiş şəkildə toplanaraq lazımi ünvanlara, ehtiyacı olanlara çatdırılacaq. Bütövlükdə, bu Fondun yaradılması ölkəmizdə şəhid ailələrinə və qazilərimizə olan qayğının daha da gücləndirilməsi istiqamətində önəmli addımdır. Əminik ki, bütün dünya azərbaycanlıları bu xeyirxah işdə fəal şəkildə iştirak edəcəklər.

Bütün qeyd edilənlər Prezident İlham Əliyevin sosial islahatlar proqramı nəticəsində Azərbaycanın sosial inkişafında davamlı irəliləyişlərlə xarakterizə olunan yeni keyfiyyət mərhələsinə keçildiyini göstərir və ölkəmizdə sosial firavanlığın təminatı istiqamətində mühüm addımların gələcəkdə də davam edəcəyinə əminlik yaradır.

Postkonflikt dövründə 2020-ci ilin dekabrında təsdiq olunmuş yeni sosial dəstək paketinə əsasən, şəhid ailələrinə və 20 yanvar şəhidlərinin ailələrinə aylıq müavinətlər 300 manatdan 500 manatadək artırılıb ki, bu da 66.7% artım deməkdir. Həmçinin «Azərbaycan Respublikasının Milli Qəhrəmanı» üçün aylıq Prezident təqaüdü 1500 manatdan 1800 manata qaldırılıb. «Vətən Müharibəsi Qəhrəmanı» adı verilmiş şəxslərə aylıq 2 min manat veriləcəkdir. Əlillik dərəcəsinə görə verilən müavinətlər 40% artırılıb.

Bu gün Azərbaycan sosial-iqtisadi həyatın bütün sahələrində sürətlə inkişaf edir. Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti demokratik, azad və müstəqil dövlət quruculuğu sahəsində böyük nailiyyətlərlə müşayiət olunur. Ölkə başçısının uğurlu siyasəti nəticəsində inkişafın Azərbaycan modeli formalaşıb ki, bu da dünya ölkələri üçün nümunədir. Azərbaycan qarşısına məqsəd qoyub ki, 2025-ci ilədək dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxsın.

Könül Əliyeva
250 nömrəli tam orta məktəbin müəllimi
Keçidlər