Rövnəq İbrahim oğlu Abdullayev
Rövnəq Abdullayev 1965-ci il aprelin 3-də Naxçıvan şəhərində anadan olmuşdur.
1982-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun "Sənaye və mülki tikinti" fakültəsinə daxil olub. 1983-1985-ci illərdə ordu sıralarında həqiqi hərbi xidmətdə olub. 1985-ci ildə köçürmə yolu ilə V.V.Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutuna göndərilib, 1989-cu ildə həmin institutu bitirərək "Neft Daşları"nda əmək fəaliyyətinə başlayıb.
1990-cı ildən "28 May" NQÇİ-də əsaslı tikinti şöbəsində mühəndis, 1991-ci ildən "Xəzərdənizneftqazinşaat" Trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsinin istehsalat texniki şöbəsinin rəisi, 1994-cü ildə isə həmin idarənin baş mühəndisi vəzifələrində çalışıb. 1997-ci ildən "Xəzərdənizneftqaztikinti" trestinin müdiri vəzifəsində işləyib, 31 mart 2003-cü il tarixdə Heydər Əliyev adına Bakı Neft Emalı zavodunun direktoru vəzifəsinə təyin edilib. 6 noyabr 2005-ci il tarixdə üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. 9 dekabr 2005-ci il tarixdə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti vəzifəsinə təyin edilib.
2004-cü ilin fevralından "Neftçi" Peşəkar Futbol Klubunun prezidenti olmuş, 2008-ci ildən AFFA prezidentidir.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
2005, 2010 və 2015-ci illərdə keçirilən üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 24 saylı Nizami birinci seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Norveç parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Gürcüstan, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 2 övladı var.
Sədaqət Süleyman qızı Vəliyeva
Sədaqət Vəliyeva 1954-cü il dekabrın 23-də Naxçıvan şəhərində anadan olmuşdur.
1972-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub, 1978-ci ildə institutu bitirib.
Əmək fəaliyyətinə döş qəfəsi cərrahiyyəsi xəstəxanasında tibb bacısı işləyərək başlayıb. 1980-ci ildən isə Suraxanı 6 saylı Vərəm Xəstəxanasında həkim-ftiziatr işləməyə başlayıb.
1984-cü ildə isə 6 saylı Vərəm Xəstəxanasında baş həkimi 1985-ci ilədək əvəzləyib. 1985-ci ildən 1995-ci ilədək Suraxanı rayonu 6 saylı Vərəm Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. 1995-1996-cı illərdə Suraxanı rayon Səhiyyə şöbəsinin müdiri işləyib. 1997-2002-ci illərdə yenidən Suraxanı rayonu 6 saylı Vərəm Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. 2002-ci ildən 2006-cı ilədək Sabunçu rayon Səhiyyə şöbəsinə rəhbərlik edib.
2006-cı ildə Sabunçu rayon 4 saylı Vərəm Əleyhinə Dispanserin baş həkimi vəzifəsinə təyin edilib, hazırda bu vəzifədə çalışır. İşlədiyi illər ərzində 1990-cı ildə Suraxanı rayonu Zığ qəsəbə Sovetinin deputatı olub. Ali dərəcəli həkimdir.
1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür, 2008-ci ildən Yeni Azərbaycan Partiyası Nizami Rayon Təşkilatının sədridir. 2010-cu və 2015-ci illərdə keçirilən dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilər zamanı 25 saylı Nizami ikinci seçki dairəsindən Milli Məclisin deputatı seçilib.
Evlidir. Bir qızı var.
Rasim Nəsrəddin oğlu Musabəyov
Rasim Musabəyov 1951-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1968-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Neft Akademiyası) avtomatlaşdırma fakültəsinə daxil olmuşdur. 1972-ci ildə həmin institutun komsomol komitəsinin katibi seçilmişdir. 1974-cü ildə Azərbaycan komsomolu MK-nin tələbə şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. 1976-cı ildən 1982-ci ilə qədər Moskvada ÜLKGİ MK-nin aparatında işləmişdir. 1982-1985 illərdə Moskvada aspiranturada oxumuş və fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. 1985-1989-cu illərdə elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Moskvada Gənclər İnstitutunun (indiki Sosial-humanitar Akademiyasının) millətlərarası münasibətlər şöbəsinin müdiri olmuşdur. 1989-cu ildə Azərbaycana qayıtmışdır. Əvvəlcə Bakı Ali Partiya məktəbində sosiologiya laboratoriyasına rəhbərlik etmiş, 1990 - 1991-ci illərdə isə Kommunist partiyası Bakı Komitəsinin ideoloji şöbəsinin müdiri işləmişdir. 1991-1992-ci illərdə Azərbaycan Respublikası Prezident aparatında millətlərarası münasibətlər üzrə Müşavir işləmişdir. 1992-1993-cü illərdə Azərbaycan Respublikası Milli Məclis aparatında Müşavir işləmişdir. 1994-1999-cu illərdə Bakı Politologiya İnstitutunda dosent vəzifəsində işləmişdir.
Hazırda müstəqil analitikdir.
Azərbaycan, ABŞ, Böyük Britaniya, Kanada, İsveç, Almaniya, Rusiya, Türkiyə, Çin, Gürcüstanda və s. ölkələrdə çap olunmuş 150-dən çox kitab və elmi məqalələrin müəllifidir.
Evlidir, bir qızı var.